"Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Oktyabrın 31-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüşə də bu prizmadan baxmaq lazımdır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov deyib ki, Soçi görüşündə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentin üçtərəfli görüşü də keçirilib və Bəyanat qəbul edilib: “İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoyub. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Dövlət başçısının da bəyan etdiyi kimi, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Soçi görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu”.
Parlamentin komitə sədri qeyd edib ki, Soçi görüşündə humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub: “Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır”.