“Aprel ayının 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının geniş, hərtərəfli və məzmunlu çıxışında ilk növbədə və ən əsas diqqəti çəkdiyi məqam ölkəmizin Vətən Müharibəsindəki Böyük Zəfərinin doğurduğu nəticələrin və Cənubi Qafqazda yaranmış yeni reallıqların artıq bütün dünyada qəbul olunması oldu. Bu, müharibədən sonrakı dövrdə bizim qarşımızda duran ən böyük vəzifə idi və bu vəzifənin uğurla icra edilməsi bizim üçün müharibə meydanında qazanılmış qələbə qədər əhəmiyyətli, zəruri, tarixi-siyasi bir qələbədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov deyib ki, bu gün dövlətlər arasında silahlı münaqişələrin, ərazi iddialarının, toqquşmaların və müharibələrin alovlandığı bir vaxtda bütün dünyaya bir daha aydın oldu ki, müharibədə qələbə qazanmaqla hər şey bitmir, yalnız hərbi güc, qüvvətli ordu, hansısa bir ərazinin silah gücünə ələ keçirilməsi hələ qələbə və zəfər demək deyil. Əksinə, siyasi və hüquqi əsası olmayan, nəticəsi dünya dövlətləri, dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qəbul edilməyən belə müharibələr nəticədə zəfər yox, uzun illər davam edən münaqişə ocaqları yaradır: “Əlbəttə, Vətən Müharibəsində mübarizəmizin siyasi-hüquqi əsası, haqq müharibəsi olduğu, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı müharibə olduğu bütün dünyaya aydın idi. Başda BMT olmaqla, dünya dövlətləri, digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunurdu. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmışdı. Dövlətimizin, xalqımızın və Prezidentimizin 30 il boyunca səbrlə münaqişənin sülh yolu ilə həll edilməsinə dair ümidləri nəticəsiz qalmışdı. Odur ki, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə bizim son çıxış yolumuz idi. Müzəffər Ali Baş Komandan başda olmaqla qüdrətli Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən Müharibəsindəki Zəfəri torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də postmüharibə dövrü üçün yeni reallıqlar yaratdı. Azərbaycan Respublikasının sərhədləri faktiki bərpa olundu, “Dağlıq Qarabağ” termininin siyasi əhəmiyyəti ləğv olundu, ermənilərin müstəqil qondarma “Dağlıq Qarabağ Respublikası” xəyalları birdəfəlik məhv edildi. Bu reallıqların dünyada qəbul edilməsi üçün isə beynəlxalq nüfuza malik güclü lider və düzgün siyasi strategiya lazım idi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət, nəticəyə hesablanmış, qətiyyətli diplomatiya müharibədən qısa vaxt keçməsinə baxmayaraq, yeni reallıqların dünyada qəbul edilməsinə səbəb oldu”.
Parlamentin komitə sədri qeyd edib ki, bu ilin 18 mart tarixində Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi çox əlamətdar hadisə idi: “Bununla dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bir daha təsdiq etdi. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrinin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Digər nüfuzlu beynəlxalq təşkilatlar olan Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının həm müharibədən əvvəlki və müharibə dövründə, həm müharibədən sonrakı dövrdə Azərbaycanla həmrəy olması, Azərbaycanın lehinə qərar və qətnamələr qəbul etməsi onların müharibənin nəticələrini qəbul etdiyini sübut edir”.
Ziyafət Əsgərovun sözlərinə görə, müşavirədə Prezident ATƏT-in fəaliyyətdə olan sədri ilə bu yaxınlarda baş vermiş görüşünü xatırladaraq ATƏT-in yeni reallıqları tam qəbul etməsini xüsusi qeyd edib: “Məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu məhz ATƏT-in tərkibindədir. Prezident haqlı olaraq bildirdi ki, ATƏT-in Minsk qrupu de-fakto artıq etibarsız sayıla bilər. Çünki faktiki olaraq Minsk qrupu qeyri-funksional vəziyyətdədir, ona verilmiş mandatın predmeti artıq mövcud deyil. Ermənistan-Azərbaycan münaqişəsi yoxdur, iki ölkə artıq sülh danışıqları aparmaq mərhələsinə qədəm qoyub. İndi digər təşkilatlar kimi ATƏT də yalnız Azərbaycan-Ermənistan münasibətlərinin daha da yaxşılaşmasına töhfə verə bilər. Digər tərəfdən, dövlət başçısı Avropa İttifaqının da postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini ayrıca vurğulayıb. Həqiqətən də müharibədən sonra Avropanın ən nüfuzlu təşkilatı olan Avropa İttifaqı ilə bizim təmaslarımız daha da möhkəmlənib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirildi. Qəbul edilmiş yekun kommunikedə “Dağlıq Qarabağ” və “münaqişə” sözlərinin işlədilməməsi, Şarl Mişelin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyanatlarının yerinə yetirilməsinə çağırışlar etməsi sübut edir ki, Avropa İttifaqı artıq münaqişənin bitdiyini qəbul edir və müharibənin bitməsindən sonra yaranmış yeni reallıqları əks etdirən razılaşmalara etiraz etmir. Əksinə, Şarl Mişel dəfələrlə Avropa İttifaqının müharibədən sonrakı reabilitasiya, yenidənqurma proseslərinə, regionda kommunikasiya infrastrukturunun yaradılmasına maliyyə dəstəyi verəcəyini də açıqlayıb. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib”.
Parlamentin komitə sədrinin sözlərinə görə, artıq beynəlxalq təşkilatların qətnamə və qərarlarında, onların rəhbərlərinin bəyanatlarında Azərbaycan-Ermənistan münaqişəsinin bitməsinə çağırışlar səsləndirilmir, əksinə, gündəmdə artıq sərhəd məsələlərinin tez bir zamanda həll olunması, Zəngəzur dəhlizinin açılması, kommunikasiya infrastrukturunun inkişafı, insanların öz evlərinə qaytarılması, regionun reabilitasiyası və inkişafına dəstək, sülh sazişinin imzalanması məsələləri var. Bu da bir daha sübut edir ki, dünya ictimaiyyəti artıq münaqişənin bitməsini və bundan sonra yaranmış reallıqları qəbul edib və indi onlar yalnız iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, sülh sazişinin bağlanması məsələlərində töhfə verə bilərlər: “Əslində sülh sazişinin bağlanması məsələsində də ilk addımı elə Prezident özü atıb və onun təşəbbüsü ilə Azərbaycanın 5 prinsipdən ibarət təklifi Ermənistan tərəfə təqdim edilib. Sonuncu Brüssel görüşündə məlum oldu ki, Ermənistan Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün etdiyi 5 prinsipdən ibarət təklifi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Prezidentin qeyd etdiyi kimi artıq həm sərhəd məsələləri ilə bağlı, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qruplarının yaradılması qərar alınıb və işçi qrupları tezliklə öz işinə başlayacaq. Yəni artıq nəinki dünya ictimaiyyəti, Ermənistan özü də yeni yaranmış reallıqları qəbul edir. Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyan son çıxışlarında Ermənistan və Azərbaycanın tezliklə sülh sazişi imzalamalı olduqlarını dəfələrlə bildirib. Çünki artıq Ermənistan dövləti və onun rəhbərliyi də başa düşür ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu normallaşma isə yalnız əsassız ərazi iddialarından əl çəkməklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında ola bilər”.