Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib

Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
# 15 iyul 2019 16:34 (UTC +04:00)

İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

“Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk. Azərbaycan Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib”, məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 14-ü saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR