Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı problemlər həllini tapacaq

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı problemlər həllini tapacaq
# 16 may 2013 16:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsilə (inkluziv təhsilə) cəlb olunması üçün UNİCEF-in texniki dəstəyi ilə “2013-2020-cu illərdə Azərbaycan Respublikasında İnkluziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, proqramın məqsədi bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir. Sənəd layihəsi həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində təsdiq olunması nəzərdə tutulan dövlət proqramlarının siyahısına da daxil edilib. Dövlət Proqramının təsdiq olunub reallaşacağı təqdirdə, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı mövcud problemlər öz həllini tapacaq.

Dövlət Proqramının əsas vəzifələri bütün təhsil pillələri üzrə inkluziv təhsilin təşkil edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi, inkluziv təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi və digər məsələlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR