Azərbaycan Bolqarıstanda turizm sərgisində milli stendlə təmsil olunub

Azərbaycan Bolqarıstanda turizm sərgisində milli stendlə təmsil olunub
# 12 aprel 2017 09:37 (UTC +04:00)

Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı 14-cü beynəlxalq turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi iştirakçılarına və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, ənənələri, Azərbaycanda mövcud turizm marşrutları, rekreasiya və turizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələr haqqında ətraflı məlumat verilib, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər paylanılıb.

Azərbaycanının Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan milli stenddə Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası, Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendi ilə təqdim olunan şərablar haqqında məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.

Sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Stella Baltova Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb. İki ölkə arasında müsbət əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açan S. Baltova Azərbaycanın bu sərgiyə qoşulmasını Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği baxımından yüksək qiymətləndirib.

Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib. Sertifikatı təqdim edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov bu şəhərdə yerləşən və Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpası və yenidən qurulmasının iki ölkə arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb və uzun illərdən bəri bolqar xalqının bu arzusunun həyata keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 2016-cı ildə “Trapezitsa” abidəsinin 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpası, 880 metr uzunluğunda turizm xiyabanının salınması, mədəni irs mərkəzinin yaradılması, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyası həyata keçirilib.

Qeyd edək ki, Bolqarıstan Turizm Nazirliyinin dəstəyi və Veliko Tırnovo şəhərinin bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentlikləri Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” bələdiyyə turizm agentliyinin birgə təşkilatçılığı ilə baş tutmuş 14-cü “Mədəni Turizm” sərgisində Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika Respublikası, Türkiyə, Çexiya, İspaniya və Yunanıstan daxil olmaqla, tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 70-ə yaxın bolqar və xarici şirkət və qurumlar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR