Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək
# 11 may 2017 05:22 (UTC +04:00)

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bununla Stokholmdakı final matçına yollanacaq komandalar müəyyənləşəcək.

Əslində, həlledici qarşılaşmada üz-üzə gələcək komandalar böyük ölçüdə bəllidi. Belə ki, ilk görüşlərə əsasən “Mançester Yunayted” və “Ayaks”ın finala çox yaxın olduğunu söyləmək olar.

“Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” bu dəfə rəqibini “Old Trafford”da qəbul edəcək. Heyətlə bağlı ciddi problemlər yaşayan baş məşqçi Joze Mourinyo bu görüşdə Zlatan İbrahimoviç, Markos Roxo, Luk Şou, Eşli Yanq kimi əsas heyət üzvlərinin xidmətindən məhrum olacaq. Buna baxmayaraq, “qırmızı şeytanlar”ın üstünlüyü əldən verməsi inandırıcı görünmür. Üstəlik, nəzərə alaq ki, Premyer Liqada mövsümü ilk “4-lük”də bitirmək şansı elə də yüksək olmayan “mankunianlar” üçün Çempionlar Liqasına vəsiqə qazanmağın ən asan yolu Avroliqanın qalibi olmaqdı.

Digər cütlükdə isə ilk oyunun nəticəsi hər kəsin təəccübünə səbəb olmuşdu. 1/4 finalda “Beşiktaş”ı çətinliklə mübarizədən kənarlaşdıran “Lion” “Ayaks”la duelin favoriti hesab edilsə də, Amsterdamdakı ilk raundda hollandlar finalın qapısını aralamağı bacarıblar. İndi Fransa təmsilçisi 1:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq, yəni geridönüş etmək məcburiyyətindədir. Əks təqdirdə, Bruno Cenesionun yetirmələri həm titul, həm də Çempionlar Liqasına vəsiqə şansını əldən verəcəklər.

“Ayaks” isə 1995-96 mövsümündən, yəni 21 ildən sonra ilk dəfə avrokubokların finalında oynamağa çox yaxındı.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

11 may

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:0

23:05. “Lion” (Fransa) - “Ayaks” (Hollandiya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Lion. “Stad de Luymer”

İlk oyun – 1:4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR