UNESCO-da Nəsimiyə həsr olunan tədbir keçirilib

UNESCO-da Nəsimiyə həsr olunan tədbir keçirilib
# 19 may 2017 09:14 (UTC +04:00)

UNESCO-nun baş qərargahında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirin açılışında çıxış edən baş nazirinin müavini Elçin Əfəndiyev İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. O bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb: “Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir”.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt çıxış edərək İmadəddin Nəsimi yaradıcılığındakı tolerantlıq və humanizmdən danışıblar.

Sonra bu ilin yanvarında Hələb şəhəri terrorçulardan azad edildikdən sonra İmadəddin Nəsiminin dağıntılara məruz qalmış sərdabəsinin çəkilmiş fotoları nümayiş olunub.

Tədbirin bədii hissəsində xalq artisti Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet konserti nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR