Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Kitab bayramı keçirilib
APA Azeri Press Agency

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Kitab bayramı keçirilib

[ 16 May 2018 15:42 ] | Cavid Zeynallı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib. İdarədən APA-ya verilən məlumata görə,  tədbirin həyata keçirilməsində əsas məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır.

 

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının muavini Təravət Muradova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və digər qonaqlar kitab sərgi-yarmarka ilə tanış olublar. Sonra müxtəlif viktorinalar, əyləncəli oyunlar, müsabiqələr, imza saatları keçirilib. Əməkdar artist Elza Seyidcahan özünün müəllifi olduğu “Bir dəlinin rəssamı” kitabını geniş oxucu kütləsinə təqdim edib.

 

Tədbirin bədii hissəsi Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar qrupunun ifası ilə başlayıb. Daha sonra 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” rəqs qrupunun ifasında “Azərbaycan” adlı rəqs kompozisiyası ilə davam edib. Əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun ifası da təqdim olunub.

 

Kitab bayramında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 10 geniş sərgi nümayiş etdirib, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Milli Qəhrəmanlar” adlı stendləri ictimaiyyətə təqdim olunub. 

 

Qeyd edək ki, APA tədbirin informasiya dəstəkçisidir.