DSMF sədri: «Gələn il üçün Azərbaycanda pensiyaçıların orta illik sayı 1 270,8 min nəfər nəzərdə tutulur»

DSMF sədri: «Gələn il üçün Azərbaycanda pensiyaçıların orta illik sayı 1 270,8 min nəfər nəzərdə tutulur»
# 20 dekabr 2013 10:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 4%, sosial sığorta gəlirləri isə 12% artıb. Bunu YAP-ın veb-saytına müsahibəsində DSMF sədri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə, sosial sığorta daxilolmalarının 57%-i qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,6% çox olmaqla proqnozun 115% icra edildiyini göstərir: «Bu artımlardan sonra əmək pensiyalarının baza məbləği 100 manata, orta aylıq məbləği 170 manata çatdırılıb, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45% təşkil edib. Nəticədə, pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu».

Gələn il üçün DSMF-nin büdcəsindən söz açan Fond sədri deyib ki, 2014-cü ildə Fondun büdcəsinə təsir edəcək digər əsas parametrlər makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlıdır: «Həmin göstəricilərin proqnozlarına əsasən, ölkə iqtisadiyyatının dinamik inkişafının davam etdiriləcəyi şəraitdə inflyasiyanın 3,5% olacağı, iqtisadi fəal əhalinin orta illik sayı 4 784 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4 557 min nəfər və muzdla işləyənlərin orta illik sayı 1 542 min nəfər təşkil edəcək. Orta aylıq əmək haqqının real artım tempinin 5,4%-ə, məbləğinin 479,4 manata çatacağı nəzərdə tutulur. Fondun növbəti il üçün büdcəsinə təsir edən digər əsas göstəricilər bloku sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimalları ilə bağlıdır. Bu göstəricilərə əsasən, pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım təşkil edəcək, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı və məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişməyəcək. Pensiyaçıların orta illik sayı 1 270,8 min nəfər nəzərdə tutulur ki, bu da bu ilin göstəricisindən 1 100 nəfər azdır. O cümlədən, yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır».

E.Mehdiyev bildirib ki, gələn il üçün Fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 295,8 mln. manat artımla nəzərdə tutulur: «Bu məbləğin 288,3 mln. manatı əmək pensiyaları, 3,2 mln. manatı müavinətlər, 4,3 mln. manatı isə digər xərclər üzrə artıma yönəldiləcək. Məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə artım 230,8 mln. manat və ya artım məbləğinin 78%-i, dövlət büdcəsinin transferti üzrə artım 65 mln. manat və ya artım məbləğinin 22%-ni təşkil edəcək. Göründüyü kimi, xərclərin artımının 78%-ə qədəri sosial sığorta haqları hesabına maliyyələşəcək. Fondun ümumi büdcəsində dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 2013-cü illə müqayisədə 1,9% bəndi azalacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR