Fikrət Məmmədov: “Öz müqəddəratını təyinetmə prinsipi separatçılığa haqq qazandırmaq üçün istifadə oluna bilməz”

Fikrət Məmmədov: “Öz müqəddəratını təyinetmə prinsipi separatçılığa haqq qazandırmaq üçün istifadə oluna bilməz”
# 16 oktyabr 2014 14:42 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov da çıxış edib.

F. Məmmədov belə bir vacib və aktual məsələni müzakirəyə çıxardığı və separatçılığa, işğala məruz qalan ölkəyə - Azərbaycana da yer ayırdığı üçün Konqresə öz təşəkkürünü bildirib:

“Avropa ailəsinin tamhüquqlu üzvü olan və eyni zamanda təcavüzkar separatçılığın nəticələrindən əziyyət çəkən Azərbaycan Respublikası ekstremizm, radikalizm və separatçılığın bütün formalarda əmələ gəlməsini qəti şəkildə pisləyir, beynəlxalq münasibətlərin və beynəlxalq hüququn əsasını təşkil edən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq olduğunu təsdiqləyir. Biz birmənalı olaraq Ukraynada və digər qonşu ölkələrdəki münaqişələrin siyasi dialoq vasitəsi və sözügedən prinsiplər əsasında həll edilməsini dəstəkləyirik. Biz əminik ki, dövlətlərarası dostluq münasibətləri, əməkdaşlıq və tərəflərin öz üzərilərinə götürdükləri öhdəliklərin vicdanla yerinə yetirilməsi istiqamətindəki bu normalara ciddi şəkildə əməl olunması beynəlxalq sülh və təhlükəsizlik üçün olduqca vacibdir. Bununla yanaşı, biz, bu gün dünyada, o cümlədən Avropa məkanında öz müqəddəratını təyin etməyə can atan və daha da çox hüquq və səlahiyyətlər əldə etmək arzusunda olan millətlərin və xalqların olduğunu aydın şəkildə başa düşürük. Buna misal olaraq, Avropada hansısa regionlara geniş statusun verilməsi də var. Bu, onların gündəlik problemlərini həll etməyə imkan yaradır. Bu, bir daha o faktı təsdiq edir ki, beynəlxalq hüququn təməl prinsipləri və normaları ilə nizamlanan bugünkü dünya düzəni separatçılıq olmadan öz müqəddəratını təyin etmək üçün kifayət qədər geniş imkanlar təqdim edir. BMT-nin Nizamnaməsində öz əksini tapmış öz müqəddəratını təyinetmə prinsipi xalqların dövlətlərin bütövlüyü çərçivəsində iştirakına və öz ərazilərini idarə edə bilmələrinə imkanlar yaradır. Bu baxımdan, belə bir prinsip, beynəlxalq hüququn nəzərdə tutduğu müstəsna hallardan başqa, separatçılığa haqq qazandırmaq üçün istifadə oluna bilməz. Məlum olduğu kimi, Azərbaycan 20 ildən çoxdur ki, təcavüzkar separatçılıqdan əziyyət çəkir. Bunun nəticəsində Ermənistan bizim ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal edib. Bu ərazilərdən azərbaycanlı əhali tamamilə qovulub çıxarılıb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki danışıqlar prosesində erməni tərəfinin qeyri-konstruktiv yanaşması, onun beynəlxalq normalara zidd olan status-kvo vəziyyətinin saxlanmasındakı siyasəti, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və qeyd-şərtsiz yerinə yetirilməli olan 4 qətnaməsini rədd etməsi, amansız şəkildə etnik təmizləmə aparması və cəbhə xəttindəki son provokasiyaları və nəticədə bunun çoxsaylı itkilərə gətirib çıxarması, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqları prosesini hədəfə alır və bu da beynəlxalq ictimaiyyətə tam haqq verir ki, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etsin. Bildiyiniz kimi, beynəlxalq ictimaiyyət artıq birmənalı şəkildə dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərini zor yolu ilə pozmağa yönəlmiş cəhdləri qəbul etmir və heç vaxt da qəbul etməyəcək. Dövlətin birmənalı olaraq razılığı olmadan onun dövlət sərhədlərini dəyişdirmək qəbul edilməzdir. Bu kontekstdə separatçılıq və silahlı münaqişələrin təhrikinə, özbaşınalıq və cəzasızlıq hissinin yaradılmasına səbəb olan ikili standartlar yanaşmasından əl çəkmək əsas rol oynayır. Biz əminik ki, hər bir müstəqil və özünə arxayın ölkə onun ərazisində yaşayan xalqların və milli azlıqların hüquq və azadlıqlarına dair hər hansı bir məsələni özü müstəqil şəkildə həll edə bilər. Bunun üçün dünyanın aparıcı ölkələrinin diqqətəlayiq və sınaqdan keçmiş təcrübəsi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR