® “Synergy Group” “Tour d'Azerbaidjan 2014” yarışına baş sponsorluq edib - FOTO

<font color=red>® </font>“Synergy Group” “Tour dFOTO '>
# 12 may 2014 14:00 (UTC +04:00)

Bakı. APA-Economics. Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Tour d’Azerbaidjan 2014” beynəlxalq veloyürüşü yekunlaşıb.

Yarış “Synergy Group”un baş sponsorluğu ilə keçirilib.

“Synergy Group”dan “APA-Economics”ə verilən məlumata görə, mayın 7-dən 11-dək keçirilən yarışın yekun sıralanmasına əsasən Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin 5 günün yekununa əsasən qalibə verilən göy köynəyə sahib çıxıb. “Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan” beynəlxalq veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov veloturla bağlı aşağıdakıları qeyd edib: "Azərbaycanda belə bir veloyürüşün keçirilməsi artıq ənənə halı alıb. İki il əvvəl biz 23 yaşadək gənclər arasında ilk veloyürüşü, bir il sonra isə kontinental komandalar arasında beynəlxalq “Tour d’Azerbaidjan“ yarışını təşkil etdik. Hər iki yarışın təşkili Beynəlxalq Velosipedçilər İttifaqını qane etdiyindən, bizim təklifimizi qəbul edərək “Tour d’Azerbaidjan“ veloyürüşünün səviyyəsini artırmış və yarışa 2.1 kateqoriyası verilib. Bu isə sözügedən yarışda yalnız kontinental və milli komandalar deyil, həm də peşəkar kontinental komandaların iştirakı deməkdir".

Qeyd edək ki, yarışın statusunun artması və “Tour d`Turkey”lə eyni vəhdət təşkil etməsində federasiyanın böyük əməyi var. “Tour d’Azerbaidjan 2014“də 22 ölkədən 25 komanda heyətində 150 idmançı mübarizə aparmışdır. 25 komandadan 8-i isə məhz pro-kontinental lisenziyalıdır. Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-nin bu yarışda iştirakı çox müsbət göstəricidir.

Beş mərhələdən ibarət olan veloyarışın marşrutu belə olub: birinci mərhələ Dövlət Bayrağı Meydanından start götürərək Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində yekunlaşıb. Sonuncu - beşinci mərhələdə velosipedçilər Azadlıq meydanından start götürərək Zığ şosesi, Qala yolu, Şüvəlan, Mərdəkan, Buzovna, Zuğulba, Bilgəh, Nardarana qədər gedərək geriyə dönmüş və aeroport yolundan keçməklə Heydər Əliyev prospekti ilə yenə Azadlıq meydanına qayıdıb, daha sonra Neftçilər prospekti tərəfdən İçərişəhərə daxil olaraq paytaxtımızın mərkəzi küçələri ilə 6 dəfə dövrə vuraraq Hökumət evinin qarşısında finiş xəttini keçiblər. Turun 2, 3 və 4-cü mərhələlərində yarış iştirakçıları tarixi və müasir memarlıq nümunələrinin vəhdəti ilə göz oxşayan Bakı və Sumqayıt şəhərləri, qədim İçərişəhər, eləcə də Böyük Qafqaz dağları, öz füsunkar təbiəti ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ilə tanış olublar.

Yarışın çox zəngin mədəni və tarixi irsə və gözəl təbiətə malik bölgələrimizdə keçməsi həm velosipedçilərin öz güclərini sınaması, həm də bu yarışın izləyiciləri olan çoxsaylı xarici ölkə vətəndaşlarının ölkəmizi tanımasına töhfə verib.

Nəzərinizə çatdıraq ki, ölkəmiz bu yarışda “Synergy Baku” komandası ilə təmsil olunub. 2013-cü il komanda üçün debüt ili olsa da, onun üzvləri ötən il iştirak etdikləri UCI təqviminə daxil edilmiş yarışlarda 15 dəfə podiuma çıxa və Azərbaycanı ləyaqətlə təmsil edə biliblər. Komandanın tərkibində bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları titulunu qazanmış irlandiyalı Metyu Bremiye, Konnor Makkonvey və azərbaycanlı Elçin Əsədov, Samir Cəbrayılov, Tural İsgəndərov kimi güclü velosipedçilər var. Komandaya rəhbərlik edən peşəkar menecer və məşqçilər onun dinamik inkişaf planını hazırlayıb həyata keçirməkdədirlər.

Yarışın baş sponsoru olan "Synergy Gorup"da Müşahidə Şurasının sədri Riyad Hüseynov yarışla bağlı fikirlərini bölüşüb: “Tour d`Azerbaidjan” velosiped yürüşünün keçirilməsi, istərsə də son illər həvəskar velosipedçilər üçün yaradılan şərait idmanın bu növünə ictimai marağı artırıb. Velosiped təkcə idman aləti deyil, həm də insanların sağlamlığına xidmət edən, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir. Biz də Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olaraq, Korporativ Sosial Məsuliyyət siyasətimiz çərçivəsində Azərbaycanda bu sahənin inkişafını dəstəkləyirik".

Qeyd edək ki, 2015-ci ildə təşkil olunacaq Avropa Oyunlarında iştirak edəcək velosipedçilərin də “Tour d`Azerbaidjan”ın son, Bakı mərhələsinin marşrutunun Avropa Oyunlarının Təşkilat Komitəsi ilə razılaşdırılmış şəhərdaxili hissəsi ilə hərəkət edəcəkləri nəzərdə tutulduğundan, builki yarış həm də “Bakı-2015”-ə hazırlıq xarakteri daşıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR