Gürcüstanda iranlı iş adamının işçilərinin davranışı azərbaycanlıları etiraz aksiyası keçirməyə vadar edib

Gürcüstanda iranlı iş adamının işçilərinin davranışı azərbaycanlıları etiraz aksiyası keçirməyə vadar edib
# 21 iyun 2014 13:32 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyaya səbəb kəndin otlaq sahələrinin İran vətəndaşları tərəfindən zəbt edilməsi və onların milliyyətcə gürcü olan işçilərinin addımbaşı nalayiq ifadələr işlətməsi olub.

Keşəli kənd sakini, iş adamı Məcid Məmmədov bildirib ki, bu səhər iranlı biznesmenin milliyyətcə gürcü olan sürücüsü kəndin mərkəzində sakinlərin ünvanına nalayiq ifadələr işlədib və aradan çıxıb. Onun sözlərinə görə, bundan hiddətlənən yerli əhali Yor-Muğanlının mərkəzində aksiya keçirmək qərarına gəlib.

“200-300 nəfər sakin aksiya keçirir. Tələbimiz odur ki, bizə otlaq sahələri verilsin. Tələbimizlə bağlı Saqareco rayon rəhbərliyinə, əlaqədar təşkilatlara dəfələrlə müraciət etmişik, lakin məsələ ilə maraqlanan yoxdur. İranlılar Şevardnadzenin (sabiq prezident Eduard Şevardnadze-red.) vaxtında işləyən sabiq polis rəisi ilə birgə kəndimizin sakinlərinə əzab verirlər. Onların aldığı əraziyə bir qoyun keçsə, sahibinə 100 lari cərimə kəsilir, hətta sakinlərə iranlının aldığı əraziyə getməyə icazə verilmir. Həmin ərazidə ibadət yerimiz var idi. Onlar gürcülərlə birləşib bu ibadət yerini uçurtdular. Əl-Rəşid adlı İran vətəndaşı bizə məxsus 5 min hektar otlaq sahəsini kimlərinsə köməyi ilə saxta sənədlərlə alıb və əraziyə su çəkib qarğıdalı, günəbaxan və zeytun becərir. Onlar kəndin suvarma suyunu kəsib əhaliyə su da vermirlər”, - deyə M.Məmmədov qeyd edib.

M. Məmmədov bu gün səhər keçirilən aksiya zamanı kənd sakinlərinin ünvanına nalayiq ifadələr işlətmiş sürücünün saxlanılması tələbinin səsləndirildiyini bildirib: “Biz tələb edirik ki, sakinləri söyən şəxs saxlanılsın. Bu barədə polisə xəbər vermişik, lakin bizim tələbimizə cavab verən yoxdur. Xalq pis durumdadır. Həm yerimizi alıblar, həm də özümüzü söyürlər. Qaraçöp camaatı indi belə qərara gəlib ki, əgər tələblərinə baxılmasa, sakinlər iranlının becərdikləri məhsulları məhv edəcəklər”.

Ləmbəli kənd icra nümayəndəsi Mübariz Məmmədov və yeni seçilən müstəqil deputat Qəzənfər Məmmədov APA-ya açıqlamasında aksiya barədə məlumatlı olduqlarını və rayon polis nümayəndələrinin aksiya iştirakçıları ilə söhbət etdiyini bildiriblər.

Onlar bildiriblər ki, bu gün yerli sakinlər sürücünü saxlayıblar və onun kənddə maşını sürətlə idarə etməsinə etiraz ediblər. Maşında olan mühafizə xidmətinin əməkdaşı (milliyyətcə gürcü-red.) isə yerli sakinlərin ünvanına nalayiq ifadələr işlədib. Nəticədə kənd əhalisi aksiya keçirmək qərarına gəlib. Aksiyaya müdaxilə edən bəzi polis əməkdaşları sakinləri təhqir edib. Aksiyada Tüllər kəndindən seçilən müstəqil deputat Bəzirgan Xeyirxəbərov da iştirak edib.

Keşəli kənd sakini, iş adamı Məcid Məmmədov APA-ya açıqlamasında bildirib ki, Yor-Muğanlı kəndinin 5.000 hektar otlaq sahəsini alan Əl-Rəşid adlı iranlı biznesmen aksiya iştirakçılarından üzr istəyib, işçisi ilə lazımi qaydada söhbət edəcəyini və onu işdən çıxaracağını vəd edib.

Qeyd edək ki, azərbaycanlıların yaşadığı Yor-Muğalı kəndi bir-birinə bitişik 7 kənddən (Qazılar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Əyrəmi, Baldoy kəndləri) ibarətdir. Bu ərazi Qaraçöp bölgəsi adlanır. Yor-Muğanlı kəndinin 30 min əhalisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR