Cəlilabadda şəhid Fərid Əhmədova həsr olunmuş filmin təqdimatı olub - FOTO - VİDEO

Cəlilabadda şəhid Fərid Əhmədova həsr olunmuş filmin təqdimatı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 noyabr 2013 13:27 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Bu gün Cəlilabad rayonunda Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovun həyat yolundan bəhs edən filmin təqdimatı keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, təqdimat mərasimində şəhidin doğmaları ilə yanaşı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə filimin yaradıcı kollektivinə bütün rayon sakinləri, o cümlədən şəhid zabitin ailəsi adından təşəkkürünü bildirib. Daha sonra sənədli film nümayiş etdirilib.

Film Fərid Əhmədovun uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb . Fərid Əhmədovun anası Nərgiz xanım göstərilən diqqətə görə yaradıcı kollektivə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, Fərid rolunun ifaçısı Elvin Qasımovdur.

Təqdimat zamanı o da bildirilib ki, yaxın vaxtlarda cəlilabadlı şəhid Əhməd Abdullayev haqqında da yeni filmin çəkilişinə başlanılacaq.

Xatırladaq ki, Azərbaycan Ordusunun zabiti Fərid Güloğlan oğlu Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 noyabr 2010-cu il tarixli sərəncamı ilə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov “İgidliyə görə” medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR