Xəzərdə nərəcinsli balıqların sayının azalmasının səbəbləri açıqlanıb

Xəzərdə nərəcinsli balıqların sayının azalmasının səbəbləri açıqlanıb
# 24 aprel 2013 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bütün Xəzəryanı ölkələr hər il balıqların ehtiyatlarını öyrənmək və qorumaq üçün mühafizə işləri aparırlar.

APA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda da brakonyerlərə qarşı hüquq-mühafizə orqanları, təbiəti mühafizə təşkilatları tərəfindən mübarizə aparılır, tədbirlər hazırlanır və həyata keçirilir: “Görülən bu işlərə baxmayaraq, Xəzəryanı ölkələrdə brakonyerliyin qarşısını tamamilə almaq hələ də mümkün olmayıb və nəticədə törədici balıqların sayında azalma müşahidə olunur. Buna görə də nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq mümkün deyil”.

Nazir müavini qeyd edib ki, nərəcinsli balıqların azaldılmasının daha bir səbəbi antropogen faktorlarla bağlıdır. Onun sözlərinə görə, belə faktorlara da brakonyerlik və dənizin çirklənməsi daxildir: “Bundan başqa, Xəzər dənizinə Qara dənizdən mioksis adlanan meduza düşüb. Bu faktor da kilkə balıqların azalmasına səbəb olub. Kilkə balıqlar da siyənəklərin və nərəkimilərin çoxaldılmasında yem kimi istifadə olunur”.

R.Hacıyev vurğulayıb ki, nərəcinsli balıqların sayının azalmasında subyektiv faktorlar da var. Onun sözlərinə görə, nərəcinsli balıqlar keçid balıqlardır: “Onlar dənizdə yaşayır və kürü atmaq üçün çaya çıxmalıdır. Lakin çayın keçid hissənin tutulması nərəkimilərin kürüləmə yerinə keçməsinə çətinlik törədir. Buna görə onların sayı azalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR