Azərbaycan və Macarıstan İKT sahəsində əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan və Macarıstan İKT sahəsində əməkdaşlıq imkanlarını araşdırır
# 08 aprel 2013 07:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemətin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsi, ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri, «İKT ili» çərçivəsində həyata keçiriləcək yeni layihələr, «Elektron hökumət» layihəsində əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Cari ilin fevralında «Azerspace-1» telekommunikasiya peykinin orbitə çıxarıldığını qeyd edən nazir bu peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb. Nazir, Bakıda ənənəvi olaraq hər il keçirilən «Bakutel» sərgi-konfransına Macarıstanın müvafiq nazirliyini və informasiya texnologiyaları şirkətlərini dəvət edib.


Ə.Abbasov onu da əlavə edib ki, Azərbaycanda «Yüksək Texnologiyalar Parkı»nın yaradılması istiqamətində işlər aparılır. Növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universiteti, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaq.

Ə.Abbasov həmçinin, ölkədə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların olduğunu diqqətə çatdırıb.


Azərbaycanda İKT sektorunun dinamik inkişafının müşahidə olunduğunu qeyd edən J.Nemət iki ölkə arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Macarıstanlı nazir İKT sahəsində müsbət nəticələrin əldə olunması üçün kompleks tədbirlərin görülməsinin və birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR