Səfir: “Gürcüstanın Rusiya ilə danışıqlarında milli maraqlara zidd olan heç bir addıma yol verilməyəcək”

Səfir: “Gürcüstanın Rusiya ilə danışıqlarında milli maraqlara zidd olan heç bir addıma yol verilməyəcək”
# 09 oktyabr 2012 10:08 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze oktyabrın 1-də Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, səfir qeyd edib ki, ölkədə sülh yolu, demokratik seçkilər vasitəsi ilə hakimiyyət dəyişib: “Bu Gürcüstanın tarixində ilk belə seçkidir”.

Səfir seçkilərdə çoxsaylı müşahidəçilərin iştirak etdiyini qeyd edib: “Onlar seçkiləri müsbət qiymətləndiriblər”.

T. Şaraşenidze, həmçinin Gürcüstan xarici siyasət kursunun eyni qaydada davam edəcəyini bildirib: “Gürcüstan üçün Avropa Birliyinə inteqrasiya, regional qonşularla və əsas strateji partnyorlarla – ABŞ və Azərbaycanla əməkdaşlığın gücləndirilməsi prioritet kimi qalacaq".

Səfir onu da deyib ki, Gürcüstan Rusiya ilə danışıqları davam etdirəcək, lakin danışıqlarda Gürcüstanın milli maraqlarına zidd olan heç bir addıma yol verilməyəcək.

Azərbaycan - Gürcüstan sərhədinin delimitasiyası barədə danışan səfir bildirib ki, Gürcüstan hökumətinin tərkibi dəyişəcək və eyni zamanda delimitasiya komissiyasının tərkibində də dəyişiklik olacaq. Diplomat sərhədlərin 2/3 hissəsi ilə bağlı artıq razılaşma olduğunu, danışıqların davam etməkdə və başa çatmaq üzrə olduğunu qeyd edib.

Səfir, həmçinin Bakı - Tbilisi - Qars dəmir yolu layihəsindən də danışıb. O qeyd edib ki, Gürcüstan ərazisində işlər artıq başa çatıb, lakin Türkiyə ərazisində çətin relyef və landşaftla bağlı bəzi problemlər var. Diplomat bu layihəni “əsrin layihəsi”kimi qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR