Bakıda Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının Direktorlar Şurasının iclası keçirilib

Bakıda Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının Direktorlar Şurasının iclası keçirilib
# 12 iyul 2012 10:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının Direktorlar Şurasının iclası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev türkiyəli qonaqları salamlayaraq Türkiyənin iri həmkarlar təşkilatının sonuncu qurultayından sonra ilk Direktorlar Şurasının yığıncağının Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. S. Mehbalıyev Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə toxunaraq, bunun bütün istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırıb.

Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının Direktorlar Şurasının baş direktoru Pevrul Kavlak da təşkilatın ali orqanının yığıncağının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Direktorlar Şurasının qurultaydan sonra ilk toplantısının Bakıda keçirilməsi əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək. P. Kavlak Türkiyədə həmkarlar təşkilatlarının vəziyyəti haqqında da danışıb: “Türkiyədə həmkarlar təşkilatları işçinin inamını itirmək üzrədir. Bizi məhv etmək istəyənlərə qarşı davamlı olaraq mübarizə aparmalıyıq”.

Yığıncaqda Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyasının növbəti 4 il üçün fəaliyyət planı müzakirəyə çıxarılıb, qarşıda duran məsələlərə dair müvafiq qərarlar verilib. İclasda konfederasiyanın bölgə komitələrinin fəaliyyəti və inkişaf etdirilməsinə dair də müzakirə aparılıb.

Toplantıda AHİK sədri Səttar Mehbalıyev, qurumun müavini Aqil Dadaşov və Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Novruzova xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, Türk-Metal Həmkarlar Təşkilatları Konfederasiyası 33 komitədən ibarətdir, Direktorlar Şurasının isə 45 üzvü var. Qurum 1963-cü ildə “Türkiyə Metal İş Federasiyası” adı ilə təsis olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR