İqtisadi İnkişaf Nazirliyinin kollegiya iclasında elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilib

İqtisadi İnkişaf Nazirliyinin kollegiya iclasında elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilib
# 07 iyul 2012 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin (İİN) kollegiya iclasında elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilib. İİN-dən «APA-Economics»ə verilən məlumata görə, nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında nazirliyin əlaqələndirici olduğu yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icra vəziyyəti, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması istiqamətində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr, nazirlik tərəfindən göstərilən elektron xidmətlər və digər məsələlər müzakirə edilib.

Nazirliyin aidiyyəti qurumlarının rəhbərləri kollegiyanın gündəliyindəki məsələlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər.

İqtisadi inkişaf naziri Şahin Mustafayev müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Kollegiya iclasında «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»ında nəzərdə tutulanın tədbirlərin, əlaqələndirmə işlərinin vaxtında və keyfiyyətli icrasına dair tədbirlər planının hazırlanması və nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilib. Kollegiya iclasında həmçinin, prezidentin 19 iyun 2012-ci il tarixli Sərəncamla təltif olunmuş bir qrup əməkdaşına «Dövlət qulluğunda fərqlənməyə görə» medalı və vəsiqəsi təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR