Ombudsmanların X Bakı Beynəlxalq Konfransı öz işini sessiyalarda davam etdirib

Ombudsmanların X Bakı Beynəlxalq Konfransı öz işini sessiyalarda davam etdirib
# 19 iyun 2012 12:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusunda Ombudsmanların X Bakı Beynəlxalq Konfransı iyunun 19-da öz işini sessiyalarda davam etdirib. APA-nın məlumatına görə, “Milli insan hüquqları institutlarını, insan hüquqlarının müdafiəsi və təşviqi imkanlarının artırılmasında strateji planlaşdırmanın rolu” və “İnsan hüquqlarının səmərəli müdafiəsi naminə regional və qlobal əməkdaşlıq” mövzusunda keçirilən sesiyalarda Azərbaycan ombudsmanı Elmira Süleymanova, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Özbəkistan ombudsmanı Sayora Rəşidova, Tacikistan ombudsmanı Zarif Alizoda, eləcə də usiyanın, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz Bürosunun, Avropa ölkələrinin insan hüquqları sahəsindəki müətrəxəssisləri çıxış ediblər.

Bölmələrdə keçirilən sessiyalarda “İnsan hüquqlarının təmin olunması və ombudsman haqqında qanunvericiliyin təkmilləşdirilməsi”, “Fövqəladə hallar, onların nəticələrinin aradan qaldırılması”, “Fövqəladə vəziyyətdə ekoloji hüquqların müdafiəsi”, “Dəyişən dünyada insan hüquqlarının müdafiəsi və təbliği” və sair mövzularda məruzələr dinlənilib.

Bu gün eyni zamanda Bakıda Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası da keçirilib. Qapalı keçirilən iclasa 17 ölkədən 27 insan hüquqları institutunun nümayəndəsi qatılıb. Yığıncaqda Asiya ölkələrində ombudsman institutlarının fəaliyyəti, qarşılaşdığı çətinliklər, problem yaradan məsələlər müzakirə mövzusu olub.

Qeyd edək ki, üç gün davam edəcək konfransın sonunda Bakı Bəyannaməsi qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR