Nuşirəvan Məhərrəmli: “Xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı indi söz digər qurumlarındır”

Nuşirəvan Məhərrəmli: “Xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı indi söz digər qurumlarındır”
# 16 aprel 2009 10:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Xarici radiostansiyaların Azərbaycanda yayımının bərpa olunması məsələsi ilə bağlı dövlətlər arasında müqavilə imzalanarsa, biz bu məsələyə baxa bilərik”. APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı şura artıq mövqeyini ortaya qoyub, konkret addım atıb: “Xarici radiostansiyalar, telekanallar Azərbaycan qanunvericiliyinə uyğun olaraq yayımlanmadığına görə, biz bunu qəbul etmirik. Biz artıq öz mövqeyimizi ortaya qoymuşuq, indi söz digər qurumlarındır”.

Anadolu türkcəsində serialların yayımının dayandırılması və şuranın bu addımına Milli Məclis üzvlərinin sərt reaksiya verməsinə gəldikdə, N. Məhərrəmli bildirib ki, rəhbərlik etdiyi qurum “Dövlət dili” və “Teleradio yayımı haqqında” qanun əsasında hərəkət edir: “Hər kəsin öz düşüncəsi var və buna uyğun danışır. Amma biz işimizi o cür fikirlər əsasında qurmuruq. Bu məsələ digər ölkələrdə necə tənzimlənirsə, biz də elə hərəkət edirik. Bir neçə gün əvvəl Türkiyə telekanallarında Azərbaycanla bağlı veriliş verdilər. Azərbaycandan çıxış edən millət vəkillərinin çıxışları alt yazısı ilə göstərilirdi. Yəni bu təkcə bizdə deyil, bütün dünyada belədir. Digər tərəfdən, bizim dillərimiz eynidirsə, onlar niyə bunu edirlər? Bu məsələdə tədricən həllini tapacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR