Sabah Respublika Veteranlar Şurasında veteranların müayinəsi keçiriləcək

Sabah Respublika Veteranlar Şurasında veteranların müayinəsi keçiriləcək
# 21 sentyabr 2015 12:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sentyabrın 15-dən elan olunmuş “Açıq qapı aylığı” çərçivəsində 1 oktyabr “Beynəlxalq ahıllar günü” münasibətilə sabah saat 11.00-da Respublika Veteranlar Şurasında veteranların müayinəsi keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müayinədə heriatr, kardioloq, LOR, göz həkimi iştirak edəcək.

Məlumatda bildirilir ki, oktyabrın 15-ə kimi paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçirilir: “Aylıq heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçiriləcək. Tədbirlər planına Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstərilməsi və ehtiyac olduğu halda onların dispanser qeydiyyatına götürülməsi nəzərdə tutulub”.

O da qeyd olunub ki, aylıq çərçivəsində Ş. M. Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikasına şəhər poliklinikalarından göndərişlə müraciət etmiş xroniki ürək-damar sistemi, tənəffüs sistemi, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, uşaq xəstəlikləri, lor, stomatoloji və s. xəstəliklər əvvəlcə müayinə olunacaq, müayinədən sonra xəstələr müalicə kursu təyin olunacaq: “Müayinə kursu əsasən sağlamlaşdırıcı və reabilitasiya metodlarıdır ki, bura müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iynərefleksoterapiya, masaj, psixoterapiya, musiqi terapiyası, müalicəvi qidalanma və s. müalicə üsullarından ibarətdir. Aylıq ərəfəsində paralel olaraq şəhər poliklinikalarında terapevt-herontoloqlar cəlb olunmaqla Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülər laboratoriyası ilə birgə herontologiyanın aktual problemlərinə dair seminar keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR