Bu günə qədər dünya bazarlarında Azərbaycanın payına düşən 185 mln. ton “mənfəət nefti” satılıb

Bu günə qədər dünya bazarlarında Azərbaycanın payına düşən 185 mln. ton “mənfəət nefti” satılıb
# 20 sentyabr 2014 10:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda karbohidrogen hasilatı artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. Hazırda “Çıraq”, “Azəri” və “Günəşli” yatağının dərinsulu hissəsində 79 hasilat quyusundan gündə orta hesabla 90 min tona qədər neft və 35 mln. kubmetr qaz hasil olunur.

APA-Economics”in məlumatına görə, bunu “Xalq” qəzetinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, işlənmənin əvvəlindən bu ilin sentyabrın 1-dək “Azəri-Çıraq-Gunəşli” yatağından 345 mln. ton neft və 100 mlrd. kubmetr qaz hasil edilib: “Artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yatağı layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan “mənfəət nefti”ndən gəlir əldə edir. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” ilə dolu tankerlər xarici bazarlara çıxarılır. 2014-cü il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 185 mln. ton “mənfəət nefti” satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. Təkcə bu ilin 8 ayı ərzində “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş 22 mln. ton neftin 15 mln. tonu, yəni 68%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. “Mənfəət nefti”nin satışından əldə edilən gəlir Dövlət Neft Fondunda toplanır”.

X. Yusifzadə bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçib, birbaşa Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri unikal bir kəmərdir: “Onun ümumi uzunluğu 1769 kilometr, keçiricilik qabiliyyəti ildə 50 mln. tondur ki, bunu da gələcəkdə 60 mln. tona çatdırmaq olar”.

ARDNŞ rəsmisi bildirib ki, bu il sentyabrın 1-dək dünya bazarlarına 357 mln. ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 255 mln. ton, Bakı-Supsa kəməri ilə 69 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 11,3 mln. ton və dəmir yolu ilə 20,4 mln. ton neft ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR