Dövlət Statistika Komitəsi: «Müşahidələr göstərir ki, Azərbaycanda muzdlu işçilərin bir qismi əmək müqaviləsi olmadan işləyir»

Dövlət Statistika Komitəsi: «Müşahidələr göstərir ki, Azərbaycanda muzdlu işçilərin bir qismi əmək müqaviləsi olmadan işləyir»
# 19 noyabr 2012 11:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda orta aylıq əmək haqqı hesablanmış muzdlu işçilərin orta siyahı sayı 1 395,3 min nəfər olub və onlardan 838 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 557,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, muzdla işləyənlərin 23,5%-i təhsildə, 19,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,6%-i sənayedə, 9,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5%-i tikintidə, 5%-i nəqliyyat və anbar təsərrüfatında, 3,1%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 14,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

«Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir», - deyə Komitədən bildirilib.

Bununla yanaşı, 2012-ci ilin sentyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 396,9 manat təşkil edib, yanvar-sentyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 388,2 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR