Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məmulatların çeşidi 700-ə çatdırılıb

Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məmulatların çeşidi 700-ə çatdırılıb
# 15 dekabr 2012 09:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Son 5 ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) birlik və müəssisələrində 40-dan çox yeni istehsalat sahəsi yaradılıb. APA-nın məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov «Respublika» qəzetində dərc olunmuş məqaləsində bildirib.

Bu obyektlərdən 3-ü 2012-ci ildə istifadəyə verilib. Onların arasında atıcı silahların yaradılması və təkmilləşdirilməsi üçün təcrübə-sınaq zavodu, fərdi əleyhqazların və xüsusi mühafizə vasitələrinin istehsalı, həmçinin müxtəlif çaplı döyüş sursatlarının utilizasiyası sahələri var.

Ümumilikdə MSN müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatların çeşidi 700-ə çatdırılıb. Cari ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilələr bağlanıb.

«Bu gün “Matador” və “Marauder” tipli zirehli maşınların istehsalı və onların silahlanması tam mənimsənilib və kütləvi istehsalı uğurla həyata keçirilir. İlk dəfə olaraq respublikada pilotsuz uçuş aparatlarının istehsalına başlanıb», - deyə nazir qeyd edib.

Nazir ötən dövrdə istehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanmış yeni məmulatlardan da bəhs edib. Bu çərçivədə reaktiv yaylım atəş sistemlərini, zirehli texnika tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşını, əleyhqaz, aviasiya bombaları, kolimator, müxtəlif minalar, siqnal tapançası, zirehli texnikalar, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini misal göstərib.

MSN-in gələcək planları barədə məlumat verən nazir qeyd edib ki, bu çərçivədə müxtəlif çaplı uzaq məsafəli artilleriya minalarının, onların barıt atımlarının, müxtəlif növ artilleriya mərmiləri üçün partladıcıların, zirehli nəqliyyat vasitələri üçün döyüş modullarının, atıcı silahların və onların döyüş sursatlarının daşınması və saxlanılması üçün müasir qablaşdırma qutularının və s. istehsalı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR