AŞPA həmməruzəçilərinin Azərbaycanla bağlı hesabatı açıqlanıb

AŞPA həmməruzəçilərinin Azərbaycanla bağlı hesabatı açıqlanıb
# 21 dekabr 2012 12:44 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Monitorinq Komitəsi Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra demokratik institutların fəaliyyəti üçün həlledici əhəmiyyət kəsb edən bir sıra məsələlərlə bağlı qanunvericilik bazasının formalaşdırılmasında nail olduğu tərəqqini etiraf edir”. APA-nın məlumatına görə, bu fikirlər AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun hazırladığı “Azərbaycanın öhdəliklərini yerin yetirməsi” adlı hesabatında əksini tapıb.

Həmməruzəçilər qeyd edir ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olduqdan sonra AŞ-nin hüquqi sənədlərinin imzalanması və ratifikasiyası sahəsində əhəmiyyətli irəliləyişə nail olub: “Azərbaycan bir sənəd istisna olunmaqla, öhdəliklərin əks olunduğunu bütün hüquqi sənədləri imzalayıb və ratifikasiya edib”.

Həmməruzəçilər Azərbaycanı 2001-ci ildə imzaladığı Regional Dillər və Azlıqların Dillərinə dair Avropa Xartiyasını ratifikasiya etməyə çağırıblar.

Hesabat müəllifləri Azərbaycanda məhkəmə sistemində islahatlar çərçivəsində 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılmasını da alqışlayıblar: “Bu yaxınlarda korrupsiyaya qarşı mübarizəyə dair qanuna və korrupsiya cinayətləri ilə bağlı Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər bu istiqamətdə gələcəkdə də irəliləyişlərin olacağına ümid verir”.

Jozef Debono Qrex və Pedro Aqramunt Azərbaycan hökumətinin “Diffamasiya haqqında” qanunun hazırlanması üçün Venesiya Komissiyasına müraciətini misal gətirərək, rəsmi Bakıya Venesiya Komissiyası ilə məhsuldar əməkdaşlığa görə minnətdarlıq ediblər.

Bununla belə, hesabatda məhkəmə hakimiyyəti, söz azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsindəki bəzi çatışmazlıqlarla bağlı narahatlıq ifadə olunur.

“Komitə siyasi fəallara və jurnalistlərə qarşı olan ittihamlarla bağlı hüquq müdafiəçiləri, yerli və beynəlxalq QHT-lərdən daxil olan məlumatlardan narahatlığını ifadə edir. Korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı tərəqqi əldə olunmasına baxmayaraq, əsas problem bu qanunvericiliyin effektiv tətbiq olunmamasındadır”, - deyə hesabatda qeyd olunur.

Hesabat müəllifləri hakimiyyəti müxalifətlə siyasi dialoqa çağırıb və icazəsiz aksiyaların təşkilatçıları və iştirakçılarına tətbiq olunan cərimələrin miqdarının artırılmasından narahatlıq ifadə ediblər. Onlar hakimiyyəti son prezident və parlament seçkilərində beynəlxalq müşahidəçilər tərəfindən aşkarlanmış çatışmazlıqları aradan qaldırmağa, növbəti prezident seçkilərinə kimi Venesiya Komissiyasının tövsiyələri əsasında Seçki Məcəlləsinə dəyişikliklər etməyə də çağırıblar.

Çağırışlar sırasında müəyyən olunmuş pensiya yaşı həddinin bütün hakimlərə istisnasız tətbiq edilməsi, mövcud antikorrupsiya qanunvericiliyinin effektiv tətbiqi üçün səylərin artırılması, vətəndaş cəmiyyəti və vətəndaş cəmiyyəti nümayəndələrinin insan haqları standartları ilə uyğunluğuna şübhə ilə yanaşdığı, cinayət ittihamı ilə saxlanan hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlərin işlərinə yenidən baxılması da var.

Hesabatda həmçinin təhlükəsizlik tələblərinə riayət etməklə, aksiya təşkilatçıları və hakimiyyət üçün məqbul hesab olunan, Bakının mərkəzi rayonlarında etiraz aksiyalarının keçirilməsi ilə bağlı kompromis tapmağa, QHT-lər haqqında qanuna yenidən baxmağa, beynəlxalq QHT-lərin qeydiyyat prosedurunu sadələşdirmək və yaxşılaşdırmağa dair çağırışlar əksini tapıb.

Hesabatda Dağlıq Qarabağ münaqişəsinə də yer ayrılıb. Həmməruzəçilər qeyd ediblər ki, ATƏT-in Minsk Qrupunun səylərinə baxmayaraq, danışıqlar hələ də istənilən nəticəyə gətirib çıxarmayıb: “Münaqişənin nizamlanması prosesində real tərəqqinin olmaması hökumət və ictimai rəydə nəzərəçarpacaq məyusluğa səbəb olub. Atəşkəs haqqında sazişin imzalanmasından 18 il keçməsinə baxmayaraq, Azərbaycan ərazilərinin 20 faizə yaxını, əsasən də Dağlıq Qarabağ və ona bitişik yeddi rayon əvvəlki kimi işğal altındadır. Ölkə əhalisinin 10 faizini təşkil edən 900 min nəfərə yaxın məcburi köçkün var, bu isə ölkədə iqtisadi və sosial vəziyyəti daha da ağırlaşdırır. Ölkənin ərazi bütövlüyünü təhlükə altında qoyan bu münaqişənin həll olunmaması sözsüz ki, ölkənin bütün sahələrində inkişafa təsir göstərir. Bu ərazilərin işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcudluğu ciddi məsələ olaraq qalır. Azərbaycanın gələcək demokratik inkişafında çox şey bu münaqişənin sülh yolu ilə nizamlanmasında əldə olunacaq uğurdan asılıdır. Bu münaqişə hələ də Azərbaycanın siyasi, iqtisadi, institusional və sosial sahələrdə daxili inkişafını ləngitməkdədir”.

Müəlliflər ATƏT-in Minsk Qrupu formatında münaqişənin nizamlanmasına yönəlmiş səyləri aktivləşdirməyə çağırıb və bildiriblər ki, bu formatın nüfuzu getdikcə daha çox mübahisə doğurmaqdadır.

Xatırladaq ki, bu hesabat AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 23-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR