Milli Məclisdə Ombudsmanın hesabatı dinlənilib

Milli Məclisdə Ombudsmanın hesabatı dinlənilib
# 07 mart 2012 09:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) bugünkü iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2011-ci il üçün illik məruzəsi dinlənilib. APA-nın məlumatına görə, Elmira Süleymanova hesabat məruzəsində bildirib ki, 2011-ci ildə Ombudsmanın ünvanına vətəndaşlardan korrupsiya və rüşvətlə bağlı daxil olan müraciətlərin sayı artıb. Belə ki, korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə halları ilə əlaqədar 797 şikayət daxil olub. Bu da 2010-cu illə müqayisədə 30,6 faiz azdır.

Şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verilməsi haqda məlumatlarla yanaşı, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatların fəaliyyətindən narazılıqlar da əksini tapıb.

Müvəkkil tərəfindən prokurorluq orqanlarına korrupsiya və rüşvət tələbetmə kimi halları özündə əks etdirən şikayətlərlə bağlı 102 sorğu göndərilib. Bir şikayət üzrə cinayət işi açılıb, 21 şikayət təmin edilib, 11 şikayət məhkəmədə çıxarılan qərarların obyektivliyinin təmin olunması məqsədilə Dövlət İttihamının Müdafiəsi İdarəsi vasitəsilə məhkəməyə göndərilib, 43 şikayət üzrə cinayət işinin başlanması rədd olunub, 22 şikayət cinayət işinə əlavə edilərək araşdırılıb, 5 şikayət üzrə araşdırma davam etdirilir.

E. Süleymanova hesabatında hərbi komissarlıqların tibb komissiyaları və hərbi komissarlıqlarda yol verilən rüşvət hallarına da diqqət yönəldib və bu sahənin işinə nəzarətin gücləndirilməsi və zəruri tədbirlərin görülməsini vacib sayıb.

Ombudsman qanunsuz tikilmiş evlərin inventarlaşdırılması və onların qeydiyyata alınmasını təklif edib. O bildirib ki, mənzil sahəsində olan problemlərdən biri müxtəlif vətəndaşlar tərəfindən nəinki son 15 ildə, hətta ötən əsrin ortalarından etibarən Bakı şəhərində və onun ətrafında zəbt edilmiş yerlərdə inşa olunmuş qanunsuz tikililərlə, həmçinin əhalinin daimi məskunlaşdığı belə ərazilərdə tikilmiş evlərin inventarlaşdırılmaması və onların qeydiyyata alınmaması ilə bağlıdır.

Müvəkkil Hövsan, Binə və Ramanı südçülük sovxozlarında, həmçinin Bakı şəhərinin "Alatava", "Zığ", "Vorovski", "Xutor", "NZS", "UPD", "Keşlə", Yasamal kimi tanınan yaşayış massivlərində yerləşən, lakin dövlət qeydiyyatına alınmamış evlərin inventarlaşdırılmasını, özbaşına tikililər üzərində hüquqların qeydiyyatı məsələsinə baxılmasını və həllinin sürətləndirilməsini təklif edib.

Ombudsmanın ünvanına 2011-ci ildə əmək hüquqlarının pozulması haqda 1246 şikayət daxil olub. Bu da 2010-cu illə müqayisədə müvafiq sahədə şikayətlərin sayının artması deməkdir.

Ötən il insan hüquqları üzrə Ombudsmana göndərilən şikayətlərin 1179-u məhkəmələrin fəaliyyəti ilə əlaqəli olub. Məruzədə qeyd olunur ki, daxil olan şikayətlərdən 2-si Konstitusiya Məhkəməsi, 109-u Ali Məhkəmə, 191-i apellyasiya məhkəmələrinin fəaliyyətindən olub. Birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə bağlı ötən il ombudsmana 877 şikayət ünvanlanıb. Şikayətlər məhkəmələrdə işə baxılma vaxtı və yeri haqqında proses iştirakçılarına müvafiq bildirişin göndərilməməsi, vətəndaşlarla kobud rəftar hallarına yol verilməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, apellyasiya və kasasiya şikayətlərinin aidiyyəti üzrə vaxtında göndərilməməsi, süründürməçilik halları, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi, icra işində süründürməçiliyə yol verilməsi haqda olub.

Ümumilikdə 2011-ci ildə Ombusmanın ünvanına 12 680 müraciət daxil olub ki, onlardan 1179-u məhkəmə orqanları, 632-si prokurorluq orqanları, 1971-i polis orqanları, 634-ü məhkəmə qərarlarının icra edilməməsi, 196-sı bələdiyyələrlə bağlı olub. Şəhər, rayon yerli icra hakimiyyətləri ilə əlaqəli 904 şikayət daxil olub ki, bunlardan ən çoxu İmişli rayonundan gəlib. (73 şikayət).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR