Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi ilə bağlı danışıqlar yekunlaşıb

Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi ilə bağlı danışıqlar yekunlaşıb
# 25 noyabr 2014 09:14 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Roma şəhərində keçirilən ikinci Beynəlxalq qidalanma konfransında iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsianoda Silva ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, konfransın əhəmiyyətindən danışan Jose Qratsiano da Silva dünyanın 170-dən çox ölkəsindən 2 minədək nümayəndənin qatıldığı konfransdan mühüm nəticələr gözlədiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin də belə bir tədbirdə iştirakı təqdirəlayiqdir. Artıq Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi ilə bağlı danışıqlar yekun mərhələyə qədəm qoyub. Ofis Azərbaycanda icra ediləcək irimiqyaslı layihələrin əlaqələndirilməsində, BMT sistemində kənd təsərrüfatı sahəsində ixtisaslaşmış qurum olan FAO-nun zəngin elmi-texniki təcrübəsinin cəlb olunmasında yaxından iştirak edəcək.

H. Əsədov qeyd edib ki, Ofisin Bakıda açılması istiqamətində hər iki tərəf mühüm səylər göstərib. Görülən işlərin məntiqi nəticəsi olaraq danışıqlar uğurla yekunlaşıb. Atılacaq bu addım qurum ilə Azərbaycan arasında əlaqələrin gələcək inkişafına mühüm töhfəsini verəcək.

Ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə Azərbaycan-FAO münasibətlərinin hazırkı vəziyyəti, respublikamızda aqrar sektorda əldə olunan nailiyyətlər və gələcəkdə birgə reallaşdırılacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonra İtaliya mətbuatına müsahibə verən nazir ərzaq və qidalanma təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan təcrübəsindən, ölkəmizin kənd təsərrüfatı sektorunda əldəedilən nailiyyətlərdən və FAO ilə əlaqələrdən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR