Avstriyada keçirilən tədbirdə iştirak edən Dağlıq Qarabağ ermənilərinin “ombudsmanı” Azərbaycan nümayəndəsinin etirazından sonra iclasdan kənarlaşdırılıb

Avstriyada keçirilən tədbirdə iştirak edən Dağlıq Qarabağ ermənilərinin “ombudsmanı” Azərbaycan nümayəndəsinin etirazından sonra iclasdan kənarlaşdırılıb
# 05 oktyabr 2013 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev Almaniya və Avstriyada keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Berlin şəhərində keçirilən İnformasiya Ombudsmanlarının 8-ci Beynəlxalq Konfransında Z. Əliyev “Azərbaycan Ombudsmanının informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti və KİV-lə əməkdaşlığı” mövzusunda çıxış edib.

Z. Əliyev daha sonra Avstriyada Avropa Ombudsmanlar İnstitutunun 15 illiyinə həsr edilmiş “Avropada Ombudsmanların müstəqilliyi” mövzusunda yubiley konfransına qatılıb. O, tədbirdə çıxış edərək Azərbaycanda ombudsman təsisatının fəaliyyəti haqqında məlumat verib. Özünü “Dağlıq Qarabağ Respublikasının Ombudsmanı” kimi təqdim edən Yuri Hayrapetyanın çıxışından sonra konfransın rəyasət heyətinə müraciət edərək, hər bir iştirakçıya yalnız bir dəfə çıxış etmək imkanı verilməsinə baxmayaraq söz istəyən Z. Əliyev öz çıxışında qondarma respublikanın nümayəndəsinin bu tədbirdə iştirakına və çıxışına kəskin etirazını bildirib. O, Y. Hayrapetyanın özünü ombudsman kimi təqdim etməsinin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu, belə ki, belə bir dövlətin mövcud olmadığını, həmin ərazinin Azərbaycanın tərkib hissəsi, tarixi torpaqları olması faktını vurğulayıb.

Z. Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, lakin Ermənistan tərəfindən işğal edildiyini bildirib. Qeyd olunub ki, bu işğal faktı həm BMT, həm Avropa Şurası, habelə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyə və qətnaməsi mövcuddur.

Z. Əliyevin çıxışından sonra Y. Hayrapetyan iclasdan kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR