Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər üçün təlim keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər üçün təlim keçirib
# 20 iyun 2014 11:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Kütləvi informasiya vasitələrinin ailə dəyərlərinə, insanların psixikasına təsirinin, uşaqların və gənclərin tərbiyəsindəki rolunun öyrənilməsi və aktual problemlərin həlli yollarının araşdırılması” mövzusunda təlim keçirilib.

APA-nın məlumatına görə, tədbirdə komitənin sədr müavini Aynur Sofiyeva çıxış edərək bildirib ki, ailə , qadın və uşaq mövzuları digər mövzulara nisbətən daha çox həssaslıq və peşəkarlıq tələb edir: “Biz jurnalistlərlə əməkdaşlıqda maraqlayıq. İstəyirik ki, bu cür mövzular kütləvi informasiya vasitələrində işıqlandırılarkən jurnalistlər daha diqqətli olsunlar” .


Komitənin informasiya və sosial analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə bildirib ki, jurnalistlər məişət zorakılığı, ailə problemləri ilə bağlı məsələləri işıqlandırarkən daha çox sensasiyaya yaratmağa çalışırlar: “Bəzən atası tərəfindən anası qətlə yetirilən azyaşlını hadisənin təfərrüatlarını efirdə danışmağa məcbur edirlər. Lakin fikirləşmirlər ki, bununla həmin uşağın psixologiyasını pozurlar. Jurnalistlər bu cür məsələlərdə diqqətli olsalar yaxşı olar”.

Daha sonra tədbirdə komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Azərbaycan ailəsi modelinin KİV vasitəsi ilə düzgün tanıdılmasının əhəmiyyəti”, komitənin hüquq-təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Məsələyə hüquqi yanaşma, KİV-də gender əsaslı zorakılıq məsələlərinin işıqlandırılmasının prinsip və standartları” mövzularında çıxış ediblər.

Bakı Dövlət Universitetinin müəlliməsi Turac Qəhrəmanova isə zorakılıqla bağlı məsələlərin dünya KİV-də işıqlandırılması qaydalarından danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR