Türkmənistanda dörd əsgər itlər üçün hazırlanmış zəhərli kolbasadan ölüb

Türkmənistanda dörd əsgər itlər üçün hazırlanmış zəhərli kolbasadan ölüb
# 13 noyabr 2013 14:15 (UTC +04:00)

Bakı - APA. Türkmənistanın cənubunda yerləşən Axal vilayətində dörd çağırışçı əsgər ölüb.

APA-nın “Türkmənistan Xronikası” qəzetinə istinadən verdiyi xəbərə görə, onlar küçə it və pişiklərinin öldürülməsi üçün nəzərdə tutulmuş kolbasadan zəhərləniblər.

Əsgərlər pambıq yığımına cəlb olunublar. Axşam işdən sonra onlar otaqların birində yerləşən soyuducudan kolbasa oğurlayıblar.

Sonra bəlli olub ki, kolbasaya yerli sanitar-epidemioloji xidmətin əməkdaşı zəhərli maddə qatıb. Soyuducuda tibb və kimyəvi reaktivlərin saxlanmasından idarənin xəbəri olsa da, əsgərlər bu barədə xəbərsiz olublar. Kolbasanı yeyəndən sonra iki hərbçi yerindəcə ölüb, daha ikisi reanimasiya şöbəsinə çatdırılsa da, onları xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır, bir neçə nəfər saxlanılıb.

Türkmənistanda sahibsiz it və pişiklər planlı şəkildə məhv edilir. “Ferqana” İnformasiya Agentliyinin yazdığına görə, heyvanlara zəhər və yaxud şüşə qatılmış qidalar verilir. Hüquq müdafiəçisi Natalya Şabuntsun bildirdiyinə görə, sahibsiz heyvanların tutulması ilə məşğul olan idarələr maliyyə çətinlikləri ilə üzləşdiklərindən it və pişiklərin sterilləşdirilməsini həyata keçirə bilmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR