Təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları hazırlanacaq

Təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları hazırlanacaq
# 25 oktyabr 2013 07:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda təhsil sahəsində dövlət-biznes partnyorluğu sistemi yaradılacaq.

APA-nın verdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunub.

Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması, qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması, ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin yaradılması və tətbiqi, beynəlxalq təhsil proqramlarının tanınması və təhsil müəssisələrində dövlət təhsil proqramları ilə yanaşı ödənişli əsaslarla tətbiqi nəzərdə tutulur.

Təhsil müəssisələrinin reytinq sistemi və qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sistemi yaradılacaq. Eyni zamanda keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi, bütün təhsil pillələri üzrə Təhsilin İdarə olunmasının Məlumat Sistemləri və “Tələbə–məzun” sistemi əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmin edilməsi, əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması, şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin təkmilləşdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR