Bakı - APA. Yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib.
APA-nın xəbərinə görə, səfir institutun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimovla söhbət edib, əlyazmalar sərgisinə baxıb.
Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə Azərbaycanın vahid bir İslam mədəniyyətini təmsil etməsi, vətənimiz müstəqilliyinə qovuşduqdan sonra iki ölkə arasında mədəni əlaqələri dərinləşdirmək imkanlarının xeyli genişlənməsi xüsusi olaraq vurğulanıb. Səfir Əlyazmalar İnstitutunda saxlanan zəngin irsin qorunması, təmsil etdiyi ölkənin qurumları ilə müvafiq müqavilələrin bağlanması sahəsində əlindən gələn köməyi əsirgəməyəcəyini vəd edib.
Öz növbəsində Paşa Kərimov səfirə minnətdarlığını bildirib, əlyazmaların bərpası və dijitallaşdırılması sahəsində yardıma ümid etdiyini söyləyib.
Sonda hər iki tərəf belə görüşlərin sayını artırmaq qərarına gəlindiyini bildirib.