Qarabağ nizamlanmasına dair növbəti görüşlər martın 23-25-də Haaqada keçiriləcək

Qarabağ nizamlanmasına dair növbəti görüşlər martın 23-25-də Haaqada keçiriləcək
# 19 mart 2014 14:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Tvitter” səhifəsində yazıb.

C.Uorlik qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri, o cümlədən xarici işlər nazirləri ilə görüşlərin Haaqada nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacağını gözləyir.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında vasitəçilərin ona və ermənistanlı həmkarına Haaqada nüvə təhlükəsizliyi çərçivəsində görüş keçirməyi təklif etdiklərini bildirib.

Onu da qeyd edək ki, məlumatlı mənbədən verilən məlumata görə, Azərbaycan və Ermənistan prezidentlərinin Haaqa sammiti çərçivəsində görüşü planlaşdırılmır. Yalnız XİN başçıları səviyyəsində görüşün keçiriləcəyi mümkündür. Haaqadakı görüşlərdən sonra həmsədrlər apreldə yenidən regiona səfər etməyi planlaşdırırlar.

Azərbaycanın da iştirak edəcəyi III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir. Azərbaycan prezidenti də sammitə dəvət edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR