Mədəniyyət və turizm naziri Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb

Mədəniyyət və turizm naziri Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb
# 12 iyun 2014 16:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüş iştirakçıları italyan nağılı əsasında hazırlanmış K.Kollodinin "Pinokkio" tamaşasına baxıblar.

Müzakirələrə tamaşadan doğulan təəssüratlarını bölüşməklə başlayan nazir Ə.Qarayev "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının teatrın yaradıcılıq istiqamətinin, repertuar siyasətinin və teatrın inkişaf prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını qeyd edib.

O bildirib ki, Dövlət Kukla Teatrının yaradıcı kollektivi, eyni zamanda teatrın maddi-texniki bazası uğurlu səhnə əsərləri yaratmağa imkan verir: “Lakin burada bir çox başqa mətləblər də var. Belə ki, yüksək estetikaya malik kuklaların yaradılması, Kukla Teatrının səhnəsi üçün pyeslərin yazılması, peşəkar ifa, əlbəttə ki, balaca tamaşaçıların tamaşaya cəlb edilməsi kompleks şəkildə nəzərdən keçirilməlidir. Unutmaq lazım deyil ki, bu günün tamaşaçısı bir çox mədəni dəyərlər haqqında düşüncələrin formalaşdığı XX yüzilliyin deyil, yeni əsrin, yeni eranın insanıdır”.

Nazir əlavə edib ki, müasir mərhələdə teatr kollektivi təşəbbüskar olmalı, daim yaradıcılıq axtarışlarına istinad etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR