Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qaynar xətt”inə Ramazan ayı ilə bağlı müraciətlər daxil olub - APA TV

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qaynar xətt”inə Ramazan ayı ilə bağlı müraciətlər daxil olub - <span style="color: red;">APA TV
# 18 iyul 2013 08:57 (UTC +04:00)

Bakı-APA. Ramazan ayı ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xüsusi tədbirlər planı hazırlayıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlər planının tərkib hissəsi olaraq Ramazan ayı boyunca dini icmalar, o cümlədən vətəndaşlar üçün yarana biləcək hər hansı problemlə əlaqədar olaraq qaynar xətt (012 437 31 15) fəaliyyət göstərir.

Ötən müddət ərzində qaynar xəttə bir sıra müraciətlər daxil olub. Müraciətlər əsasən imsak və iftar, Qədr gecəsinin vaxtı ilə bağlı olub.

Dövlət Komitəsi tərəfindən aparılan monitorinq nəticəsində məlum olub ki, bütün bölgələrdə Ramazan ayı milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd edilir. Dini icmalar və vətəndaşlar tərəfindən təşkil edilən iftar mərasimlərində, Ramazan tədbirlərində hər hansı ciddi problem yaşanmayıb. Məscidlərdə gündəlik, o cümlədən cümə namazlarında axund və imamlar tərəfindən Ramazan ayı ilə əlaqədar xütbələr oxunur.

Eyni zamanda Dövlət Komitəsi tərəfindən bölgələrdə dini icmalar üçün iftar süfrələri təşkil edilir, şəhid ailələri, əlillər və məcburi köçkünlərə yardım aksiyaları keçirilir.

Aparılan monitorinq nəticəsində xırda problemlər də aşkarlanıb. Bu isə əsasən azanın müxtəlif vaxtlarda verilməsi ilə bağlı olub. Dövlət Komitəsi tərəfindən aparılan maarifləndirmə tədbirləri nəticəsində bu problemlər də aradan qaldırılıb.

Qeyd edək ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimaiyyətlə və dini icmalarla görüşlərinin keçirilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR