İnstitut: Azərbaycanda mal-qara yeminin qıtlığı kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlıdır

İnstitut: Azərbaycanda mal-qara yeminin qıtlığı kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlıdır
# 27 yanvar 2014 13:41 (UTC +04:00)

Ölkədə mal-qaranın yemlə təmin olunması üçün 3,2 mln. ha otlaq və biçənək sahəsi var, 340 min ha sahədə isə bir ildə 5-6 dəfə məhsul götürülməsinə imkan verən yonca becərilir. Bu da heyvandarlıqda qaba yemə olan tələbatın dolğun ödənilməsinə yardım edir. Bu barədə «APA-Economics»ə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutundan bildirilib.

Eyni zamanda, Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutundan bildirilib ki, 5 il əvvəl Rusiyadan (Dağıstan), həmçinin Gürcüstandan və Qazaxıstandan Azərbaycana külli miqdarda yonca və ot presi kimi qaba yemlər gətirilirdi. İndi isə əsasən Orta Asiya ölkələrindən, o cümlədən Türkmənistandan böyük miqdarda yonca toxumu gətirilir. Lakin bu toxumlar özlərini doğrultmur və bitkilər Azərbaycanın iqlim şəraitinə uyğunlaşa bilməyərək, məhv olur. Bununla əlaqədar olaraq fermer təsərrüfatları son vaxtlar Azərbaycan alimlərinin ərsəyə gətirdikləri yem sortlarına meyl göstərirlər.

Lakin ölkə daxili imkanları hesabına qaba yemə olan tələbatı ödəsə də, bu məhsullar satışa baha qiymətə çıxarılır. Elmi mərkəz bunun əsas səbəbini ölkədə lazımi texnikanın olmaması ilə əlaqələndirir. «Mövcud texnikanın sayı çox azdır. Məsələn, 1 ha yonca sahəsini biçmək üçün kombayna 30-50 manat xərc çəkmək lazım gəlir. Bundan başqa, presin bağlanması, onun ipi, bu işi görən insanların zəhmət haqqı əlavə xərc tələb edir. Nəticədə, yemin yekun satış qiyməti bahalaşır», - deyə İnstitutdan bildirilib.

Qeyd edək ki, 2011-2015-ci illəri əhatə edən yoxsulluğan aradan qaldırılması üzrə dövlət proqramına əsasən, mal-qara yeminə olan tələbat 30% ödənilir. Son illər isə heyvandarlıq üçün kəpəkdən savayı, digər yem növləri xaricdən idxal olunur.

Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun mütəxəssisləri hesab edirlər ki, ölkədə yemə olan tələbatın 30% ödənilməsi texnika çatışmazlığı ilə bağlıdır: «Məsələn, taxıl biçinindən sonra sahələrdə qalan buğda və arpa küləşi heyvandarlıq üçün ideal yem hesab olunur. Suvarılmayan küləşi heyvan yaxşı emal edir, lakin o, suvarıldıqda bərkiyir və emalı çətinləşir. Bu halda bərkimiş küləşi döyən xüsusi aparatdan istifadə olunmalıdır ki, Azərbaycanda belə texnika yoxdur. Ona görə də ölkədə küləş səmərəli yem sayılmır. Nəticədə, onu sahələrdə bir yerə toplayaraq yandırır və ya mineral gübrə əvəzi torpağın altına verirlər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR