Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın daha bir bankına kredit ayıracaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın daha bir bankına kredit ayıracaq
# 23 iyun 2013 10:08 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) «AccessBank» QSC-yə 15 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bu barədə QDTİB-in prezidenti Andrey Kondakov bildirib.

Onun sözlərinə görə, QDTİB-in Direktorlar Şurası artıq kredit layihəsini təsdiqləyib və tərəflər arasında kredit müqaviləsi bu gün imzalanacaq: «QDTİB-in təqdim etdiyi maliyyə vəsaiti Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsinə sərf olunacaq».

A.Kondakov həmçinin bildirib ki, QDTİB-in Direktorlar Şurasının iclasında 11 ölkə üzrə ümumi məbləği 100 mln. avro təşkil edən 7 layihə təsdiqlənib və onlardan ikisi (ARDNŞ-a 58 mln. dollar və «AccessBank»a 15 mln. dollar) Azərbaycanla imzalanıb.

Qeyd edək ki, iyunun 21-də QDTİB Azərbaycanın «Unibank» ASC-nə 5 mln. dollar, «TBC Kredit» qeyri-bank kredit təşkilatına 4 mln. dollar, «Finca Azerbaijan» kredit təşkilatına isə 10 mln. dollar həcmində kreditin ayrılmasına dair müqavilələr imzalayıb.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank (hər biri 20%), «AccessHolding» (16,5%) və Almaniyanın “LFS Financial Systems GmbH” (3,5%) şirkətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR