Türkiyə Böyük Millət Məclisi NATO qrupunun rəhbəri: “Krımda referendum keçirilməsi qəbul edilə bilməz”

Türkiyə Böyük Millət Məclisi NATO qrupunun rəhbəri: “Krımda referendum keçirilməsi qəbul edilə bilməz”
# 07 mart 2014 16:49 (UTC +04:00)

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO qrupunun başqanı, TBMM xarici əlaqələr komissiyasının üzvü, Ədalət və İnkişaf Partiyasının (AKP) Aksaray millət vəkili Əli Rza Alaboyun deyib.

Ə. R. Alaboyun bildirib ki, Ukraynanın Krım bölgəsində vəziyyətin gərginləşməsi Türkiyəni ciddi narahat edir: “Orada referendum keçirilməsini qəbul etmək mümkün deyil. Əhalinin 60%-nin rus mənşəli olmasına baxmayaraq, oradakı digər milli azlıqların haqlarına hörmətlə yanaşmaq lazımdır. Bir bölgəyə muxtariyyət haqqının verilməsi o bölgədəki milli azlıqların haqlarının təminat altına alınması deməkdir. Ona görə də referendum yolu ilə Krımın Rusiyaya birləşdirilməsi həm qəbul edilə bilməz, həm də gələcəkdə daha böyük problemlər yaranmasına səbəb olar. Qafqaz-Qara dəniz bölgəsində onsuz da kifayət qədər ciddi problem var. Ermənistan Qarabağı işğal edib, 1 milyon azərbaycanlını doğma yurdlarından didərgin salıb. Rusiya Cənubi Osetiyanı ilhaq edib, təktərəfli müstəqillik elan etmiş Abxaziyanı tanıyıb. Bunlar bölgədəki vəziyyəti anormallaşdırdığı kimi, Krımın referendum yolu ilə Rusiyaya birləşdirilməsi cəhdləri də gələcəkdə daha böyük problemlər yaradacaq.

Müasir dünyada sərhədlərin dəyişdirilməməsi prinsipi əsas olduğu kimi, bir ölkə torpaqlarının başqa ölkəyə qatıla bilməsi üçün oradakı əhalinin 100%-nin müsbət rəyi lazımdır. Krımda demoqrafik vəziyyət isə buna imkan vermir. Türkiyə prosesləri yaxından təqib edir. Krımda bizim türk-tatar qardaşlarımız var, onların haqlarının tapdalanmasına heç vaxt imkan vermərik”.

“Cərəyan edən prosesləri NATO-nun da yaxından izlədiyini görürük. NATO-dakı Türkiyə parlament heyətinin başqanı kimi, proseslər barədə nə demək istərdiniz” sualını isə Ə. R. Alaboyun belə cavablandırıb: “Soyuq müharibə”dən sonra NATO isti çatışmalara girməyərək, konfliktlərin diplomatik yolla həll edilməsinə çalışır. NATO-Rusiya Şurası çərçivəsində biz geniş müzakirələr aparır, ölkələri həm qonşularının daxili işlərinə qarışmamağa, həm də bölgədəki konfliktləri qısa müddətdə sülh yolu ilə həll etmək üçün ciddi-cəhd göstərməyə dəvət edirik. 16 martda keçirilməsi planlaşdırılan referendumun NATO tərəfindən də qəbul ediləcəyini zənn etmirəm. Ona görə referendumu təşkil edənlərin gələcəkdə meydana çıxa biləcək problemləri nəzərə alaraq addım atacaqlarına ümid edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR