Azərbaycan Mərkəzi Bankı bu il 2,1 mlrd. dollar həcmində valyuta sterilizasiyası həyata keçirib

Azərbaycan Mərkəzi Bankı bu il 2,1 mlrd. dollar həcmində valyuta sterilizasiyası həyata keçirib
# 25 dekabr 2013 13:51 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı»nda deyilir.

Bəyanata əsasən, iqtisadiyyatda şaxələnmə proseslərinə dəstək vermək üçün bank sektorunun maliyyə vasitəçiliyi, habelə maliyyə infrastrukturunun inkişafını təşviq etməklə Mərkəzi Bank hökumətin bu ildə iqtisadi siyasətinin həyata keçirilməsində fəal iştirak edib. Öz vəzifə və funksiyalarını daha effektiv həyata keçirmək üçün 2013-cü ildə AMB-də institusional inkişafın sürətlənməsinə yönəlmiş 40-a yaxın müxtəlif layihələr həyata keçirilib.

Əsas olaraq 2013-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilib, inflyasiyanın səviyyəsi qoyulmuş hədəf çərçivəsində saxlanılıb. Bəyanatda deyilir ki, Dünya İqtisadi Forumun hesabatına görə, Azərbaycan dünyada ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Qeyri-neft sektorunda ikirəqəmli artım, yüksək istehlak və investisiya tələbinə baxmayaraq, 2013-cü ilin 11 ayında orta illik inflyasiya cəmi 2,3% təşkil edib. Dünya bazarında ərzaq qiymətlərində artımın səngiməsi, pul təklifinin məqbul templi artımı və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə qalmasında mühüm amillərdir. Yerli istehsal hesabına ölkədə ərzaqla təminat səviyyəsinin yüksəlməsi də qiymətlərə sabitləşdirici təsir göstərir. İstehlak səbətində əhəmiyyətli paya malik ərzaq malları üzrə inflyasiya cəmi 2,2% olub. Orta illik baza inflyasiyasının (0,7%) ümumi inflyasiyadan 1,6 faiz bəndi aşağı olması onu göstərir ki, qiymət artımında monetar amillərin rolu aşağıdır.

Son bir ildə ölkənin xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya daxili inflyasiyadan 2 faiz bəndi yüksək olub. İlin sonuna daxili inflyasiyanın MDB, inkişaf etməkdə olan ölkələr və dünya üzrə gözlənilən orta inflyasiya templərindən aşağı olacağı proqnozlaşdırılır. Məzənnənin sabitliyi şəraitində inflyasiyanın tərəfdaş ölkələrdəki inflyasiya ilə müqayisədə aşağı olması qeyri-neft sektorunun rəqabət (qiymət) üstünlüyünün qorunmasında mühüm rol oynayıb.

Ümumilikdə, ilin əvvəlindən manatın məzənnəsi tədiyyə balansında əhəmiyyətli profisitin qalması şəraitində və Mərkəzi Bankın məqsədyönlü məzənnə siyasətinin təsiri altında formalaşıb. Bu ildə də AMB özünün məzənnə siyasətini dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib. Tədiyyə balansının əhəmiyyətli profisiti və artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün fəal istifadə olunması şəraitində Mərkəzi Bank manatın daha yüksək templə bahalaşmasına yol verməyib. Bu məqsədlə valyuta bazarından 2,1 mlrd. dollar həcmində xarici valyuta alınıb. Nəticədə, dövr ərzində manatın dollara qarşı məzənnəsi cəmi 0,08% möhkəmlənib. Məzənnənin sabitliyi makroiqtisadi və maliyyə sabitliyinə, habelə iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir edən mühüm amillərdən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR