Azərbaycanın energetika naziri Xəzər Dəhlizi Konfransında iştirak edəcək

Azərbaycanın energetika naziri Xəzər Dəhlizi Konfransında iştirak edəcək
# 27 fevral 2014 07:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev II Xəzər Dəhlizi Konfransında iştirak edəcək.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Londonda (Böyük Britaniya) keçiriləcək konfransda regionun iqtisadi inkişaf perspektivləri və tendensiyaları müzakirə ediləcək.

Konfrans martın 7-də London Fond Birjasının baş ofisində başlayacaq və N.Əliyevin burada çıxışı nəzərdə tutulub. Eyni zamanda, N.Əliyevin Qazaxıstanın neft və qaz naziri Uzakbey Karabalinin, Türkmənistanın energetika naziri Murat Artikovun, Avropa Birliyinin energetika üzrə komissarı Günter Ottingerin iştirakı ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı yollarına dair təqdimatlar keçiriləcək.

Beynəlxalq konfrans Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznes dairələri, elmi dairələr və KİV nümayəndələrini birləşdirir. Tədbirin təşkilatçıları London Fond Birjası, Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın «Asia House» təşkilatıdır. II Xəzər Dəhlizi Konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regiondakı biznes mühiti, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan TAP və TANAP layihələrinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib.

London Fond Birjasının baş icraçı direktoru və İdarə Heyətinin sədri, Böyük Britaniya Parlamentinin üzvü baronessa Elizabet Saymonsun, Britaniya Banklar Assosiasiyasının baş icraçı direktoru Entoni Braunun, Qazaxıstan Prezident Aparatının rəhbəri Kərim Masimovun, Avropa Birliyinin energetika üzrə komissarı G.Ottingerin, «Statoil» şirkətinin İdarə Heyətinin üzvü Ledi Cadcın, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş direktoru Con Çipmanın, BP şirkətinin vitse-prezidenti Peter Matherin, bir sıra Xəzər regionu ölkələrinin səfirləri, dünyanın bir sıra nüfuzlu şirkətləri, o cümlədən «Lukoil», «Rosneft» şirkətləri, ABŞ-ın Harvard Universitetinin rəsmi şəxslərinin iştirakı ilə keçiriləcək toplantıda məruzələr və yüksək səviyyəli müzakirələrin aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR