Türkmənistan prezidenti İran parlamentinin sədri ilə görüşüb

Türkmənistan prezidenti İran parlamentinin sədri ilə görüşüb
# 07 sentyabr 2013 00:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkmənistanda səfərdə olan İran parlamentinin sədri Əli Laricani bu ölkənin prezident Qurbanqulu Berdıməhəmmədovla görüşüb. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

Laricani İranın Türkmənistanla neftayırma zavodu, avtomobil magistralı tikintisi və digər mühüm layihələrdə əməkdaşlığa hazır olduğunu deyərək, iki ölkənin bölgənin sülh və təhlükəsizliyinin təmin edilməsi məsələsində da ortaq mövqeyə malik olduğunu bildirib. Onun sözlərinə görə, bölgə ölkələri arasında ticarət, iqtisadiyyat, siyasət və digər sahələrdə əlaqələrin inkişafı bölgənin təhlükəsizliyini möhkəmləndirəcək.

Öz növbəsində Q. Berdıməhəmmədov Türkmənistanın İranla hər sahədə ən yüksək səviyyədə əlaqələr qurmaq istədiyini vurğulayıb.

İran və Türkmənistan nümayəndə heyətləri arasında keçirilən görüşlərdə həmçinin neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ə. Laricani dördgünlük səfər çərçivəsində Türkmənistanın xarici işlər naziri, parlament sədri və digər rəsmilərlə görüşəcək. Laricaninin Türkmənistan parlamentində və Aşqabad Universitetində çıxışı, həmçinin Türkmənistanın tarixi şəhəri sayılan Mərvə səfəri də nəzərdə tutulur. Onu səfərdə İranın neft naziri Bijən Namdar Zəngənə və 7 deputat müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR