Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulacaq

Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulacaq
# 01 iyul 2014 07:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərinə başlanılacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Qobustan şəhərində həyata keçiriləcək yenidənqurma işləri Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində icra ediləcək.

Hazırda layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi üzrə tender prosedurasına hazırlıq görülür. İyun ayının 17-də iddiaçı şirkətlərə tenderdə iştirak üçün dəvət məktubları və tenderin əsas şərtlər toplusu göndərilib. Tenderdə iştirak etmək istəyən iddiaçılar bu ilin avqust ayının 1-dək texniki və maliyyə təkliflərini ayrı-ayrı zərflərdə təqdim etməlidirlər.

Tender birmərhələli iki zərfli satınalma prosedurasına əsasən keçiriləcək. Qaydalara əsasən, əvvəlcə yalnız texniki təkliflər üzrə zərflər açılacaq. Texniki təkliflər qiymətləndirildikdən və Tender komissiyası tərəfindən təsdiq edildikdən sonra Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə göndəriləcək. Agentlikdən müvafiq razılıq alındıqdan sonra bu barədə iddiaçı şirkətlərə bildiriş veriləcək və həmin təşkilatlar maliyyə təkliflərinin açılış tarixi barədə məlumatlandırılacaq. Texniki qiymətləndirmədən keçməyən iddiaçıların maliyyə təklifləri isə açılmadan geri qaytarılacaq.

Maliyyə təklifləri açıldıqdan sonra yekun qiymətləndirmə aparılacaq və müvafiq hesabat Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə göndəriləcək. Agentliyin müsbət rəyi alındıqdan sonra Tender Komissiyası tərəfindən Yekun Protokol imzalanacaq.

Qeyd edək ki, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Artıq Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində tikinti-quraşdırma işlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR