ARDNŞ: “Bulla-dəniz” yatağındakı quyu ətrafında ekoloji durum normaya uyğundur

ARDNŞ: “Bulla-dəniz” yatağındakı quyu ətrafında ekoloji durum normaya uyğundur
# 06 sentyabr 2013 10:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda baş vermiş qəzanın nəticələrinin ekoloji qiymətləndirilməsi məqsədilə hazırlanmış tədbirlər planına əsasən, sentyabrın 3-4 tarixlərində quyunun ətrafında ətraf mühitin monitorinqini həyata keçirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, monitorinq idarənin Ekoloji Monitorinq departamentinin mütəxəssisləri tərəfindən, MPK-452 tədqiqat gəmisinin köməyi ilə aparılıb.

Monitorinq zamanı quyu ətrafında seçilmiş 3 stansiyada dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyunda fitoplankton və zooplankton nümunələri götürülüb, dəniz axınları ölçülüb, dəniz dibi, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri təyin edilib.

Hazırda Kompleks Tədqiqatlar Laboratoriyasında götürülmüş nümunələr üzrə təhlil aparılır. Monitorinqdə vizual müşahidələr zamanı dəniz səthində neft və kondensat ləkələri müşahidə edilməyib. Atmosfer havasında instrumental ölçmə işləri aparılıb və zərərli qazların konsentrasiyasının buraxıla bilən qatılıq həddi normalarından aşağı olması müəyyən edilib.

Qeyd edək ki, “Bulla-dəniz” yatağında Ekologiya İdarəsi tərəfindən əvvəlki illərdə yaz-yay və payız-qış mövsümü zamanı 17 stansiya üzrə ekoloji monitorinqlər həyata keçirilib və nəticələr arxivləşdirilib.

İdarədə həyata keçirilən müvafiq “Tədbirlər Planı”na əsasən dəniz akvatoriyasında qəzanın ətraf mühitə təsirlərini izləmək və mümkün çirklənmələrin dinamikasını öyrənmək, əvvəlki illərdə aparılmış monitorinq məlumatları ilə müqayisə etmək və hesabatın hazırlanması nəzərdə tutulub. Plan çərçivəsində qəza baş vermiş 90 saylı quyu ətrafında ətraf mühitin monitorinqi mütəmadi olaraq davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR