Azərbaycan daha 100 kombayn alacaq

Azərbaycan daha 100 kombayn alacaq
# 26 sentyabr 2013 07:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda kənd təsərrüfatı texnikasına tələbat hər il artır. Bunu “APA-Economics”ə açıqlamasında “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Əli Bayramov bildirib.

Onun sözlərinə görə, tələbat xüsusilə taxılçılıq sahəsində çalışan fermerlər arasında müşahidə olunur: “Bu il də taxıl biçini zamanı texnika çatışmazlığı yarandı. Bütün bunlar nəzərə alınmaqla biz ölkədə kənd təsərrüfatı texnikasına olan tələbatı ödəmək üçün xarici ölkələrdən yeni kombaynlar almağı planlaşdırırıq”.

Ə.Bayramov qeyd edib ki, kənd təsərrüfatı texnikasının çatışmazlığını aradan qaldırmaq məqsədilə gələn ilin yaz aylarında da xaricdən yeni kombaynlar alınacaq: “Prezident İlham Əliyevin yaranmış vəziyyətin həll olunması ilə bağlı ayırdığı 15 mln. manat vəsaitin bir hissəsinə bu ilin sonunda Finlandiyadan 150 kombayn alınıb gətiriləcək. Bundan başqa, ilin əvvəlində də ölkəyə yeni kombaynlar alıb gətirəcəyik. Yaz aylarında 100 ədəd kombayn gətirməyi nəzərdə tutmuşuq”, - deyə Ə.Bayramov əlavə edib.

Qeyd edək ki, Azərbaycana bu ilin sonuna 150 yeni taxılyığan kombayn gətiriləcək. «Aqrolizinq» ASC dövlət başçısının sərəncamı ilə ayrılan 15 mln. manat hesabına yeni texnikanı Finlandiyadan gətirəcək. Kombaynlar 150 “SR 2045” (SAMPO) modeli olacaqlar.

Xatırladaq ki, hazırda ölkədə cəmi 2 660 kombayn var və bu texnikanın 1 300-dən çoxu və ya 50%-i yeni kombaynlardır. Qalan texnika isə 20 ildən artıq - SSRİ dövründən istismar olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR