Dövlət Komitəsi: Azərbaycan demoqrafik problemlə üzləşib - VİDEO

Dövlət Komitəsi: Azərbaycan demoqrafik problemlə üzləşib - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 08:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Digər dövlətlərdə olduğu kimi, Azərbaycan da bu gün demoqrafik problemlə üzləşib.

APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2013-cü il üçün yekun kollegiya iclasında çıxışı zamanı deyib ki, son iyirmi ildə kişilərin sayı sürətlə artıb, əhali arasında cins nisbəti bərabərləşib.

H.Hüseynova qeyd edib ki, demoqrafik problemlə əlaqədar olaraq profilaktik tədbirlərin keçirilməsi vacibdir. Onun sözlərinə görə, selektiv abortların fəsadları ilə bağlı orta məktəblərdə, vətəndaşların qeydiyyatı idarələrində, tibb müəssisələrində maarifləndirici işlər aparılmalıdır: “Demoqrafik istiqamətdə qadın və kişilərin saylarındakı nisbətin dəyişməsi cinslər arasında disbalansın yaranmasına gətirib çıxara bilər. Bunun üçün selektiv abortların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birlikdə məsələyə nəzarəti artırmaq məqsədəuyğundur. Ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində daha çox mənəvi dəyərlərin aşılanması üçün maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Ana və uşaqların sağlamlığının mühafizəsi istiqamətində məlumatlandırıcı işlər aparılmalıdır. İntihar hallarının, xüsusilə uşaqlar arasında intiharın sayının çoxalması müəyyən tədbirlərin həyata keçirilməsi məsələsini aktuallaşdırır. Təhsil Nazirliyi ilə birgə “Məktəb psixoloqu” sosial təsisatının aktivləşdirilməsi, “Ailə psixoloqu” institutunun yaradılması bir çox dövlətlərdə olduğu kimi, “İnformasiya və psixoloji təhlükəsizlik haqqında” qanun hazırlanması və əsaslandırılması üçün tədbirlərin keçirilməsi məqsədəuyğun olardı. Qadınların idarəetmə və qərar qəbuletmədə iştirakının artırılması istiqamətində tədbirlərin keçirilməsi zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR