Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,1% artıb

Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,1% artıb
# 12 iyun 2014 09:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,1% artıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu barədə qurumun sədri Elman Mehdiyev xəbər verib.

E. Mehdiyevin sözlərinə görə, “2014-cü ilin 5 ayı ərzində 110 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınıb və bu, ölkəmizdəki iqtisadi inkişafın daimi yeni iş yerlərinin açılmasına və qeydiyyatda olan sığortaolunanların sayının artımına birbaşa təsirinin göstəricisidir”.

DSMF sədri həmçinin bildirib ki, hazırda ölkədə 2 800 mindən artıq sığortaolunana fərdi uçot sistemində fərdi şəxsi hesab açılıb. Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. İstənilən sığortaolunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Cari ilin iyunun 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,8% kişi, 41,2% isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,9%-ni 30 yaşa kimi vətəndaşlar, 24%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 21,8%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 20,9%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR