Bakıda Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni mövzusunda beynəlxalq konfrans keçirilir
# 01 iyul 2013 09:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. AMEA-nın İnsan Hüquqları İnstitutunda “Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni vətəndaşların sosial-iqtisadi hüquqlarının inkişafı kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransda çıxış edən institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, Azərbaycan bütün sahələrdə inkişaf edən Çin Xalq Respublikası ilə əlaqələrə böyük əhəmiyyət verir. Azərbaycan-Çin münasibətlərinin çox qədim tarixə söykəndiyini vurğulayan A.Mustafayeva bu münasibətlərin minilliklər ərzində formalaşdığını deyib. O qeyd edib ki, hazırda ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq dinamik şəkildə inkişaf edir, iqtisadi, siyasi və elmi sahələri əhatə edir.

A.Mustafayeva vurğulayıb ki, AMEA-nın İnsan Hüquqları İnstitutu da ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı baxımından öz töhfəsini verir. Onun sözlərinə görə, İnsan Hüquqları İnstitutu artıq Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyası və Sosial Elmlər Akademiyasının Hüquq İnstitutu ilə əməkdaşlıq müqavilələri imzalayıb: “Azərbaycan və Çin arasında oxşarlıq və uyğunluqları ümumiləşdirsək, hər iki ölkənin sürətlə inkişafının şahidi olarıq. Azərbaycan və Çin regionda öz liderlik statuslarını qoruyub saxlayır, “güclü dövlət” stategiyasını formalaşdırırlar”.

A.Mustafayeva onu da deyib ki, İnsan Hüquqları İnstitutu iki ölkə arasında strateji əlaqələrin qurulması, sosial-iqtisadi hüquqların təmin olunması istiqamətində həyata keçirilən siyasətin elmi-nəzəri əsasları, həmçinin siyasi aspektləri əhatə edən əlaqə və münasibətlər barədə tövsiyələr hazırlayıb.

Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə Azərbaycan və Çin arasında elmi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Sonra plenar sessiya öz işinə başlayıb. Tədbir iştirakçıları Çin və Azərbaycanın iqtisadi inkişafı kontekstində insan hüquqlarının müdafiəsi məsələləri ətrafında müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR