AMEA prezidenti: “Gənclərin elmə marağı hiss olunacaq dərəcədə azalıb”

AMEA prezidenti: “Gənclərin elmə marağı hiss olunacaq dərəcədə azalıb”
# 10 iyul 2013 11:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlərin ümumi yığıncağında deyib.

O bildirib ki, bu, cəmiyyətin inkişaf perspektivləri baxımından qəbuledilməz haldır və ciddi narahatlıq doğurur. AMEA prezidentinin sözlərinə görə, təəssüf doğuran bu neqativ tendensiyanın obyektiv və subyektiv səbəbləri var: “Biz bu səbəbləri diqqətlə araşdırmalı və ən tez bir zamanda aradan qaldırılmalıyıq. Elm müasir Azərbaycan cəmiyyəti üçün gənclərin maraq dairəsinə daxil olan prestijli fəaliyyət sahəsinə çevrilməlidir”.

A. Əlizadə qeyd edib ki, gənclərin elmə marağını artırmaq üçün üç istiqamətdə paralel və məqsədyönlü iş aparılmalıdır: “Birincisi, elmin cəmiyyətdə imici yüksəldilməlidir. Bu istiqamətdə AMEA-da kompleks islahatlar aparılır.

İkincisi, alimlərin sosial-məişət problemləri təxirə salınmadan müasir tələblər səviyyəsində həll edilməlidir. Bu problem də ölkə və Akademiya rəhbərliyinin diqqət mərkəzindədir. Xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elmi mərkəzlərinə göndərilməsi istiqamətində əməli addımlar atılır.

Üçüncüsü isə elm və təhsil arasında sözün əsl mənasında inteqrasiyaya nail olunmalıdır. Azərbaycanda elə bir təhsil sistemi formalaşdırılmalıdır ki, onun bütün pillələri üzrə elmə marağın artırılması yüksələn xətt üzrə təmin edilsin. Xüsusən də, magistratura ilkin elmi fəaliyyət vərdişləri aşılayan təhsil pilləsinə çevrilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR