“Bank Technique” aktivlərini artırıb

“Bank Technique” aktivlərini artırıb
# 28 aprel 2014 08:59 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Technique”in aktivlərinin həcmi 2014-cü ilin I rübündə 521,233 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,8% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 31,1% artaraq 356,895 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 102,71 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 77,8% çoxdur.

Bankın avtomobil kreditlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 dəfə artaraq 13,82 mln. manat olub.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 51,066 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 38,6% çoxdur və kreditlərin 25,303 mln. (49,5%) manatı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 13,1% azalaraq 88,148 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 58,2% artaraq 310,568 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 209,015 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 57,6% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 46,56 % artaraq 61,012 mln. manata çatdığı halda, nizamnamə kapitalı 15,97 % artaraq 75,1 mln manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 55,1% artaraq 12,636 mln. manat, xərcləri isə 54% artaraq 12,365 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 271,25 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 48 filialı, 71 bankomatı, 521 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR