İtaliyanın Azərbaycandakı səfirliyinin müşaviri: “Biz Azərbaycan qazının da əsas idxalçıları sırasında olmaq istəyirik”

İtaliyanın Azərbaycandakı səfirliyinin müşaviri: “Biz Azərbaycan qazının da əsas idxalçıları sırasında olmaq istəyirik”
# 14 noyabr 2014 13:09 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Azərbaycan İtaliyanı neftlə təchiz edən önəmli ölkələrdən biridir və biz Azərbaycan qazının da əsas idxalçıları sırasında olmaq istəyirik”. Bunu APA-ya açıqlamasında İtaliyanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Domeniko Liotto deyib. O bildirib ki, Azərbaycanla İtaliya arasındakı iqtisadi münasibətlər yüksək səviyyədədir, lakin bu münasibətləri daha da inkişaf etdirmək üçün perspektivlər və planlar çoxdur:

“Biz Azərbaycandan neft idxal edirik. Azərbaycan İtaliyanı hər il təxminən 8 milyard dollar dəyərində neftlə təchiz edir. Hazırda göstərici belədir, lakin tezliklə bu rəqəmi artırmağı düşünürük. Həmçinin TAP-ı qeyd etmək lazımdır. Biz Azərbaycan qazının da əsas idxalçılarından biri olmaq istəyirik. Perspektivlər çoxdur. Azərbaycana İtaliyadan idxal göstəricisi 1 milyard dollardan bir qədər azdır. Lakin son zamanlar münasibətlərimizin inkişaf etməsi, qarşılıqlı səfərlərin təşkil olunması ticarət dövriyyəmizin daha da artacağını deməyə əsas verir. Həm Azərbaycanın, həm də İtaliyanın iş adamları üçün geniş imkanlar var, bu imkanlardan, əlaqələrdən faydalanmaq lazımdır”.

D. Liotto təhsil və mədəniyyət sahəsində də münasibətlərin çox inkişaf etdiyini söyləyib: “İtaliyanın müxtəlif universitetlərində Azərbaycan gəncləri təhsil alır. Ali məktəblər arasında qarşılıqlı əməkdaşlıq formalaşır. Azərbaycan-İtaliya Cəmiyyətində italyan dilinin tədrisini həyata keçiririk, İtaliya ilə maraqlanan insanlara hər şəkildə yardım etməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR